"Alara İnn Hostel Baku"da oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hostelin müştərilərindən biri başqa bir müştərinin 2300 dollar və 140 manat pulunu, həmçinin 85 manat dəyərində olan pul qabını oğurlayıb. Zərəçəkmişə ümumilikdə 4135 manat ziyan dəyib.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılıb.
Müttəhim məhkəmə zamanə verilmiş ittihamla özünü təqsirli bilib. O, övladının onkoloji xəstə olduğunu, maddi cəhətdən çətinlik çəkdiyini deyərək oğurluq əməlinin buna görə törətdiyini bildirib.
Məhkəmənin hökmü ilə müttəhimə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər