"Doğru və zamanında qəbul edilmiş qərarlar olduğu təqdirdə, Avropa İttifaqı ABŞ olmadan da Ukraynanı ciddi şəkildə dəstəkləyə və Rusiya qarşısında ciddi dirəniş göstərə bilər. ABŞ Ukraynaya tamamilə silah yardımından imtina etsə belə, bu, dünyanın sonu olmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Avropa İttifaqının Ukraynaya dəstək və yardım məsələsində Tramp Amerikasını əvəzləyə bilməsi imkanlarından danışarkən deyib.
Ekspertə görə, bunun üçün AB vahid siyasi məkan kimi çevik qərarlar qəbul etməlidir:
"Paralel olaraq AB özünün, belədə həmçinin Ukraynanın müdafiəsilə bağlı 800 milyard avroluq hərbi xərclərin cəlb olunmasını reallaşdıra bilsə, bu, Kiyevin Rusiya qarşısında ciddi dirənişinə səbəb olacaq. Aİ-nin umumdaxili məhsulu Rusiyadan 10 dəfələrlə artıqdır. Müharibədə əsas nəticə texnoloji cəhətdən ən müasir silahların cəbhədə istifadəsidir. Hazırda Ukraynada istehsal olunan dronlar hesabına Rusiyanın fiziki hücumlarının qarşısı rahatlıqla alına bilər. Perspektivdə ukraynalı əsgərləri əvəzləyəcək robotların dövriyyəyə buraxılması da planlaşdırılır. ABŞ və Aİ ərazisində fəaliyyət göstərən müdafiə sənayesi obyektlərinin Ukrayna ərazisində istehsala başlamasını təmin edəcək dəstək və maliyyə yardımları da zamanında olarsa, Kiyev nəinki Rusiyaya qarşı dirənəcək, hətta qarşı tərəf böyük itkilərə məruz qalacaq".
Ekspert qeyd edir ki, Tramp kimi Rusiyanın imkanlarını böyütməyə ehtiyac yoxdur:
"Rusiya iqtisadiyyatı böhran vəziyyətidədir".
Politoloqun fikrincə, bu məsələnin reallaşmasına sadəcə olaraq AB daxilindəki fikir ayrılığı, ora üzv ölkələrdə Rusiyaya bağlı "5-ci kolon"un mövcudluğu problem yaradır:
"Bu problemləri həll edə bilsə, Ukrayna-Aİ birliyi ABŞ olmadan da Rusiya qarşısında ciddi dirəniş göstərib, Moskvanı xəyal qırıqlığına uğrada bilər".
Qeyd edək ki, "Reuters"in məlumatına görə, Kiyev gələn həftə Avropa İttifaqından Moskvaya qarşı yeni, daha kəskin sanksiyaların tətbiqini, Rusiya aktivlərinin həbsi və rus neftini alanlara qarşı sanksiyaların qoyulmasını xahiş edəcək. Agentliyin məlumatına görə, Ukrayna bu rəyə ABŞ Prezidenti Donald Trampın Moskvaya qarşı sanksiyaları gücləndirməkdən imtina etməsi nəticəsində gəlib.
Rüfət Sultan
Şərhlər