Günəş fırtınaları müasir həyatımıza az təsir göstərsə də, onların potensial dağıdıcı gücü hələ tam öyrənilməyib. Belə hadisələr adətən meteohəssas insanlara və bəzi rabitə sistemlərinə təsir edir. Lakin keçmişdə baş vermiş güclü günəş fırtınalarının indiki dövrdə baş verməsi, texnologiyalara ciddi təhlükə yarada bilər.
Qaynarinfo "Live Science"
jurnalına istinadən xəbər verir ki, ABŞ-ın Arizona Universitetindən bir qrup tədqiqatçı ağac halqalarını araşdıraraq nadir, lakin çox güclü günəş fırtınalarının sübutlarını aşkar edib. Bu hadisələr "Miyake hadisələri" kimi tanınır və son 14 500 il ərzində yalnız 6 belə hadisə qeydə alınıb. Ən son hadisə eramızın 775-776-cı illərində baş verib.
2012-ci ildə yaponiyalı fizik Fusa Miyake tərəfindən aşkar edilən bu fenomen ekstremal günəş aktivliyinin bir nümunəsidir.
"Əgər bu cür hadisələr günümüzdə baş versəydi, rabitə texnologiyaları üçün fəlakətli nəticələr verə bilərdi", deyə tədqiqatın aparıcı müəllifi İrina Panyuşkina bildirib.
Fusa Miyake və Panyuşkinanın komandası bu hadisələrin başvermə mexanizmini araşdırıb. Günəş aktivliyi zamanı kosmik şüalar Yer atmosferindəki azotla qarşılıqlı təsirə girərək karbon-14 izotopunun yaranmasına səbəb olur. Bu izotop daha sonra atmosferdəki oksigenlə reaksiyaya girərək karbon qazı əmələ gətirir. Ağaclar fotosintez prosesi zamanı bu karbon qazını udur və karbon-14 izotopu onların oduncaq toxumalarında qalır.
Panyuşkina və onun həmkarları çay kənarındakı çöküntülərdə qorunub saxlanılan və ya arxeoloji qazıntılar zamanı aşkar edilən ağac gövdələrinin halqalarını analiz ediblər. Yüksək karbon-14 konsentrasiyası həmin dövrdə "Miyake hadisəsinin" baş verdiyini göstərir.
Tədqiqatın nəticələri "Communications Earth & Environment"
jurnalında dərc edilib.
Aydın
Şərhlər