ABŞ Nümayəndələr Palatasının iki tərəfli üzvlər qrupu Rusiya Federasiyasının Ukraynada törətdiyi əməlləri soyqırım aktı kimi tanıyan qətnamə layihəsini Konqresə təqdim edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Oksana Markarova "Facebook" səhifəsində məlumat yayıb.
"Rusiya Federasiyasının bütün cinayətləri ABŞ qanunvericiliyində əksini tapmalıdır ki, Rusiya cinayətkarlarının cəzalandırılması təmin edilsin və belə dəhşətli cinayətlərin gələcəkdə qarşısı alınsın", – deyə Markarova qeyd edib.
Səfirin bildirdiyinə görə, qətnamə layihəsinin preambulasında vurğulanır ki, Rusiya qoşunlarının Ukraynada törətdiyi vəhşiliklər, habelə yüz minlərlə ukraynalının, o cümlədən uşaqların Rusiyaya və müvəqqəti işğal edilmiş ərazilərə məcburi köçürülməsi, BMT-nin Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının II maddəsində göstərilən meyarlara uyğun gəlir.
Sənədin qətnamə hissəsində Rusiya Federasiyasının soyqırım aktlarına görə ittiham olunması, NATO və Avropa İttifaqının müttəfiqləri ilə əməkdaşlıqda ABŞ-ın Ukrayna hökumətinə dəstək üçün tədbirlər görməsi və Ukrayna xalqına qarşı Rusiyanın yeni soyqırım aktlarının qarşısını almaq üçün çağırış edilir. Həmçinin, Rusiya siyasi liderlərinin və hərbçilərinin məsuliyyətə cəlb olunması üçün tribunal və beynəlxalq cinayət araşdırmalarının dəstəklənməsi qeyd edilir.
Unian-ın qeydinə görə, Rusiya ordusu Ukraynada sistematik olaraq hərbi cinayətlər törədir ki, bu da xüsusilə BMT-nin hesabatlarında təsdiqini tapır. Ruslar demək olar ki, bütün bu növ cinayətlərə – sıx məskunlaşmış ərazilərdə güclü silahların fərq qoyulmadan istifadəsindən tutmuş qəsdən törədilən qətllər, işgəncə və təcavüzə qədər – əl atırlar.
Xüsusi problem isə hərbi əsirlərin sistematik şəkildə qətlə yetirilməsi, əsir götürülmüş və oğurlanmış mülki şəxslərə Rusiya həbsxanalarında işgəncə verilməsidir.
Alpər
Şərhlər