ABŞ Hərbi Dəniz Qüvvələri İranla münasibətlərin kəskinləşməsi fonunda Avropa və Yaxın Şərqdə mövcudluğunu artırmağa davam edir. Hazırda "Nimitz" sinfinə aid iki atom aviadaşıyıcısı yoldadır, üçüncüsü isə yaxın vaxtlarda bölgəyə çata bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes”
yazır.
Noyabrın sonunda San-Dieqodakı daimi limanından çıxan və Cənubi Çin dənizində fəaliyyət göstərən USS Abraham Lincoln (CVN-72) aviadaşıyıcısı ötən həftə Yaxın Şərqə yönləndirilib. Bu, Prezident Donald Trampın, nümayişçilərə qarşı sərt repressiyaların davam edəcəyi təqdirdə İrana mümkün zərbələr endirmək üçün vasitələrin hazırlanması əmrindən sonra ABŞ hərbi qüvvələrinin daha geniş şəkildə gücləndirilməsi çərçivəsində baş verir.
Çərşənbə günü Sakit okeanın qərb hissəsində Malakka boğazından keçən daha bir "Nimitz" sinifli aviadaşıyıcı müşahidə edilib. Onun zərbə qrupu Hind okeanını keçəcək və təxminlərə görə, artıq gələn həftənin əvvəlində Ərəbistan dənizinə və ya Fars körfəzinə çata bilər.
Aviadaşıyıcılardan əlavə, Pentaqon həmçinin F-15E Strike Eagle qırıcılarını da bölgəyə göndərib. Təyyarələr Böyük Britaniyadakı Lakenheat Kral Hərbi Hava Qüvvələri bazasından ABŞ-ın İordaniyadakı aviabazalarına köçürülüb.
İkinci aviadaşıyıcı Avropaya kurs götürdü
Bu arada, "Nimitz" sinfinin ən yeni və sonuncu aviadaşıyıcısı olan USS George H.W. Bush (CVN-77) Norfolk hərbi dəniz bazasını tərk edib və hazırda Atlantik okeanında Avropaya doğru irəliləyir. Rəsmi olaraq təyinat nöqtəsi açıqlanmır, lakin analitiklər gəminin Aralıq dənizində yerləşdirilə biləcəyini ehtimal edirlər. Oradan gəmi ehtiyac yaranarsa, Süveyş kanalı vasitəsilə Yaxın Şərq istiqamətinə keçə bilər.
Aviadaşıyıcının rəsmi "Facebook” səhifəsində ixtisaslaşma uçuşları və döyüş atışları barədə məlumat verilib. "Biz bizi gözləyənlərə hazır olmaq üçün bacarıqlarımızı daim təkmilləşdiririk", deyə bəyanatda bildirilir.
Döyüş təcrübəsi olan "Qisasçı"
USS George H.W. Bush aviadaşıyıcısı gələcək prezident böyük Corc Buşun İkinci Dünya Müharibəsi zamanı uçduğu "Grumman TBM Avenger" torpedo-daşıyıcısının şərəfinə "Avenger" ("Qisasçı") çağırış adına malikdir. Bu, ABŞ-ın hərbi dəniz pilotu olmuş prezidentin şərəfinə adlandırılmış yeganə aviadaşıyıcısıdır.
Gəmi rəsmi olaraq 7 oktyabr 2006-cı ildə suya salınıb və 2009-cu ilin mayında Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Əvvəllər o, artıq Yaxın Şərqdəki döyüş əməliyyatlarında iştirak edib. Xüsusilə, 2014-cü ildə onun göyərtəsindən İraq və Suriyadakı İŞİD mövqelərinə zərbələr endirilib.
Texniki xüsusiyyətlər və kuryoz hadisə
CVN-77-nin uzunluğu 333 metr, su tutumu isə 100 min tondan çoxdur ki, bu da onu dünyanın ən böyük döyüş gəmilərindən biri edir. O, burun hissəsinin modernləşdirilmiş dizaynı, uçuş göyərtəsinin radiolokasiya görünməzliyinin azaldılması və arxa tərəfə sürüşdürülmüş daha yığcam "ada" (idarəetmə qülləsi) ilə fərqlənir.
Bununla belə, aviadaşıyıcının daha az qəhrəmanlıq dolu bir xüsusiyyəti də var: daha əvvəl məlumat verilmişdi ki, gəmidəki vakuumlu tualet sistemi tez-tez tıxanır, buna görə də bir dəfə bütün sanitar qovşaqlar eyni vaxtda sıradan çıxmışdı.
İrandakı vəziyyət - son xəbərlər
Xatırladaq ki, İranda kütləvi etirazlar zamanı həlak olanların sayı 4000 nəfəri keçib. Bu barədə "Activist News Agency" hüquq müdafiə qrupu məlumat yayıb. Hüquq müdafiəçilərinin sözlərinə görə, təsdiqlənmiş ölü sayı 4029 nəfərə çatıb, daha 9 mindən çox ölüm halı isə araşdırılır.
"The Washington Post” yazır ki, Tramp iranlılara yardım vəd etmişdi, lakin indi onlar özlərini xəyanətə uğramış hiss edirlər. Xüsusilə, bəzi İran vətəndaşları bildiriblər ki, ABŞ prezidentinin etirazçıları dəstəkləyən bəyanatları onların Əli Xamenei rejiminə müqavimət göstərmək əzmini artırıb.
Alpər
Şərhlər