Xəbər lenti

ABŞ hətta ən yaxın ticarət tərəfdaşlarına belə rəhm etmir... (ŞƏRH)
Dünya 16:22 31.07.2025

ABŞ hətta ən yaxın ticarət tərəfdaşlarına belə rəhm etmir... (ŞƏRH)

"ABŞ Hindistana münasibətdə bu addımı atacaq, ancaq 25 faiz deyil, daha aşağı tariflərlə”.

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Elşad Həsənov ABŞ Prezidenti Donald Trampın Hindistana 25 faizlik gömrük rüsumu tətbiq etməsini şərh edərkən deyib: 

"Donald Tramp bir çox ölkələrə, o cümlədən son olaraq Hindistana 25 faizlik gömrük rüsumunun tətbiqilə bağlı sərəncam imzalayıb. Həmçinin o, Nyu-Dehli Rusiyadan enerji daşıyıcıları almaqda davam edərsə, bu istiqamətdə də ciddi tədbirlər görəcəyini bəyan edib. Bu mənada görünən odur ki, ABŞ hətta özünün ən yaxın ticarət tərəfdaşlarına belə gömrük rüsumları tətbiq edir. Avropa İttifaqına 15, Hindistana isə 25 faizlik rüsum qoyub”. 

Trampın xaraktercə tez-tez fikirlərini dəyişən şəxs olduğunu nəzərə alan həmsöhbətimiz güman edir ki, bu fonda Hindistana tətbiq etdiyi 25 faizlik rüsumu ləğv etməsə də, müəyyən danışıqlardan sonra faizi aşağı salacaq:

"Bunu o, dəfələrlə öz əvvəlki addımları, verdiyi qərarları sonradan dəyişməklə göstərib. Rusiya Prezidenti Putinə 50 günlük vaxt vermişdi, indi isə həmin müddəti 10-12 günə endirdi. Trampın sözügedən xarakterini nəzərə alsaq, onun Hindistana 25 faizlik gömrük rüsumu tətbiq edəcəyini dəqiqliklə söyləmək çətindir. Çünki bu istiqamətdə aparıla biləcək danışıqlar fonunda fikrini dəyişə bilər. Hindistana tətbiq etdiyi rüsum avqustun 1-dən qüvvəyə minsə də, ola bilər Tramp həmin müddəti sentyabr və yaxud oktyabrın 1-nə qədər uzatsın. Hətta ondan tətbiq etdiyi tarifi aşağı salacağını da gözləmək olar. 
 


Hindistanla ABŞ-ın ticarət tərəfdaşlığı genişdir, milyard dollarla ölçülür. Bu mənada hesab edirəm ki, 25 faizlik rüsum Hindistan üçün çətin olacaq və o, bununla razılaşmayacaq. Belədə güman ki, tərəflər məsələni danışıqlar yolu ilə qaydasına qoyacaq və tətbiq edilən tariflərin faizi aşağı salınacaq”. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 1 avqust tarixindən etibarən Hindistana qarşı 25 faizlik gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib. O, əlavə olaraq deyib ki, Hindistanın Rusiyadan enerji daşıyıcıları almasına görə cərimə tədbirləri də görəcək. 

Xatırladaq ki, ABŞ Hindistanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. 2024-cü ildə Hindistanla ABŞ arasında ikitərəfli ticarətin həcmi 127,9 milyard dollar olub.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->