"OpenAI" şirkəti ChatGPT çat-botunun artıq hər həftə 700 milyon insan tərəfindən istifadə olunduğunu bildirib. Bu rəqəm dünya əhalisinin təxminən 10 faizini təşkil edir.
Qayanrinfo xəbər verir ki, bu barədə "The Information" nəşri məlumat yayıb. Müqayisə üçün deyək ki, 2025-ci ilin fevralında bu göstərici 400 milyon idi.
İstifadəçi sayındakı sürətli artım süni intellektə olan marağın artması və yeni "düşünə bilən" modellər - "o3" və "o4-mini"nin istifadəyə verilməsi fonunda baş verib. Şirkət bu modelləri özünün "ən ağıllı" texnologiyaları adlandırır və onların ChatGPT-nin bütün funksiyalarına çıxışı var.
"The Information"un məlumatına görə, 2025-ci ilin ilk yeddi ayında ChatGPT-nin gəliri ikiqat artaraq illik 12 milyard ABŞ dollarına çatıb. Hazırda "OpenAI" ayda 1 milyard dollar və ya hər dəqiqə 20 min dollar qazanır.
Şirkətin yaxın planlarında "GPT-5" modelinin istifadəyə verilməsi var. Məlumata görə, bu model avqustun əvvəlində təqdim oluna bilər. "OpenAI"a yaxın mənbələr bildirir ki, "GPT-5" təkcə dil modeli deyil, həm də süni intellekt sahəsində inqilabi dəyişiklik olacaq. Söhbət ümumi süni intellekt (AGI) konsepsiyasından gedir — bu model istənilən məsələni həll etməyə və hətta dahilər səviyyəsində düşünməyə qadirdir.
Bundan başqa, şirkət açıq çəki dəyərlərinə malik model hazırlayır. Bu addım "DeepSeek" və "Meta" ilə rəqabətə yönəlib. Gözlənilir ki, bu model açıq lisenziya əsasında təqdim olunacaq.
Qeyd edək ki, bu həftə "OpenAI" ChatGPT-yə yeni "öyrədici rejim" əlavə edib. Bu rejimdə çat-bot cavabı birbaşa təqdim etmir, əksinə istifadəçini doğru istiqamətə yönəldir və addım-addım izah edir ki, istifadəçi problemi özü həll edə bilsin.
Digər tərəfdən, "OpenAI"ın rəhbəri Sem Altman xəbərdarlıq edib ki, ChatGPT ilə yazışmalar məhkəmədə sübut kimi istifadə oluna bilər. Mövcud qanunvericilik çat-botlarla aparılan yazışmalara terapevt və ya hüquqşünasla danışıq zamanı tətbiq olunan məxfilik statusunu vermir.
Aydın
Şərhlər