Xəbər lenti

50 min müəllim ixtisar riski ilə üz-üzə - Həll yolu varmı?
Ölkə 16:12 13.03.2026

50 min müəllim ixtisar riski ilə üz-üzə - Həll yolu varmı?

Azərbaycanda 50 minə yaxın müəllim işsiz qala bilər. Bu barədə birinci Milli Məclisin vitse-spikeri Əli Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında bildirib. 

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı vitse-spiker son bir neçə ildə Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunduğunu xatırladıb:

"2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub. 2015-ci ildə orta məktəblərdə 1.5-1.6 milyon uşaq təhsil alırdısa, bir neçə il sonra məktəblərdə təhsil alan uşaqların sayı 1 milyon olacaq. Bu da 50 minə yaxın müəllimin ixtisarı riskini də yaradır”.

50 minə yaxın müəllimin işsiz qalmaması üçün hansı addımlar atıla bilər?

Təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu məsələ meyarına görə çox ciddidir:

"Çünki təhsil sosial dünyanın, cəmiyyətin bir ayrılmaz qolu olduğundan oradakı əhalinin inkişaf və azalma tempi təhsilin kəmiyyət, bəlkə də keyfiyyət göstəricilərinə müəyyən dərəcədə təsir edir. Bu gün Milli Məclisdə vurğulanan detal, sadalanan statistika gələcəklə bağlı narahatlıq haqlıdır. Hazırda birinci sinifə gedən uşaqların artım tempini deyil, ildən-ilə azalma tempini müşahidə edirik. Bu da 5-6 yaş aralığında uşaqların ümümi say göstəricisinə görə müəyyənləşir. 2015-ci ildə orta məktəblərdə 1,5-1,6 milyon uşaq təhsil alırdısa, bu gələcəkdə xeyli azalacaq və sayın 1 milyona düşəcəyi deyilir".
 


Ekspert hazırda orta ümumtəhsil sahəsində 150 mindən bir qədər çox müəllim kontingentinin çalışdığını vurğulayıb:

"Bu, onların böyük əksəriyyətinin, hətta 50 minə qədərinin ixtisarı deməkdir. Biz indi düşünməliyik ki, əhali və şagird say azaldığı təqdirdə müəllimlərin ixtisara düşməməsi və onları qorumaq üçün addımları atmalıyıq".

Elmin Nuri vəziyyətdən çıxış yolu olduğunu da vurğulayıb:

"Amma bu yaxın gələcək üçün inandırıcı görünmür. Məsələn, bu gün paytaxt Bakı, həmçinin Sumqayıt və Abşeron məktəblərində şagird sıxlığı həddindən artıq çoxdur. Bir sinifdə 25 şagird təhsil almalıdırsa, az qala orada 40-ə qədər şagird oxuyur. Elə sinif var ki, orada 40-dan çox şagird var. Bundan iki sinif düzədib, müəllimlərin dərs saatını artırmaq olar. Bir sinifin bölünməsi digər müəllimlərə dərs saatının verilməsinə yol açır".

Ekspert müəyyən alternativ layihələrin həyata keçirməsininin vacibliyini də vurğulayıb:

"Müəllimlərin iş saatını təmin etmək, həm də şagird sıxlığının qarşısını almaq üçün sinif otaqlarının sayının artırılması vacibdir. Bu da açığı çətin görünür. Çünki sinif sayı artdıqca, məktəbdaxili bəzi problemlərə də gətirib çıxarda bilər. Otaq, əlavə məktəb korpusları lazım olacaq. Yəni bir-biri ilə zəncirvarı bağlı olan proseslərdir. Amma hər halda vəziyyətdən çıxış yolu var". 

Ekspert özəl məktəblərin sayının artırılmasını təklif edib:

"Bu çox vacibdir. Bu gün diplomu əlində olan müəllimlər iş tapa bilmir. Çünki müəllimlərin iş yeri dövlət ümumtəhsil məktəblərindədir. Müəllim əmək bazarında başqa iş yeri tapa bilmir. Bəlkə bu səbəbdən də repetitorlarn sayı çoxalır. Özəl məktəblərin sayı artsa, müəllimlər işsiz qalmayacaq. Özəl məktəblərdə şagird sayı çox olmur. Orada müəyyən qədər seçmə şagirdlər təhsil alır. Özəl məktəblər müəllimlərin işsiz qalma ehtimalını nisbətən azalda bilər".

Bahar Rüstəmli
--> -->