Xəbər lenti

31 hindistanlını Sabunçuda saxlayan pakistanlı tutuldu
Ölkə 17:17 05.11.2025

31 hindistanlını Sabunçuda saxlayan pakistanlı tutuldu

Bakıya 31 Hindistan vətəndaşını işləmək adı ilə gətirən pakistanlı həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1978-ci ildə Pakistanın Haripur şəhərində anadan olmuş İrşad Muhammadin barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, İrşad Muhammad azərbaycanlı qızla ailə həyatı quraraq Bakıda yaşayıb və işləyib. O, Hindistanın "SURJİT” adlı turizm şirkətinin müdiri Surjit Sinq ilə Bakıda tanış olub. Daha sonra tərəflər razılığa gələrək işbirliyinə başlayıblar. Razılaşmaya əsasən, Surjit hər bir Hindistan vətəndaşından 1000 ABŞ dolları almaqla onları Bakıya işləməyə göndərəcək, Bakıda isə həmin şəxslər Beynəlxalq Dəniz Limanında aylıq 800 dollar maaşla işlə təmin ediləcək.

31 hindistanlı Bakıya gəldikdən sonra İrşad Muhammadin Sabunçu rayonunda kirayələdiyi evdə bir aydan artıq qalıblar. Təqsirləndirilən şəxs onların hər birindən əlavə olaraq 2500 dollar alıb. Sabunçuda gizli yaşayan hindistanlılar ərazidəki sakinlərin şikayəti əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar ediliblər.

Məhkəmədə İrşad Muhammad elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, Hindistan və Pakistan arasında gərgin münasibətlərə istinad edərək, hindistanlıların ondan qisas almaq məqsədilə istintaqa yalan ifadələr verdiklərini iddia edib.

Aparılan araşdırma nəticəsində İrşad Muhammadın həqiqətən də Surjit Sinq ilə cinayət əlaqəsinə girərək, 31 Hindistan vətəndaşının ölkədə qalma müddəti bitdikdən sonra onların qanunsuz şəkildə Azərbaycanda qalmasını təmin etdiyi və təkrarən qanunsuz miqrasiyanı təşkil etdiyi sübuta yetirilib.

Məhkəmənin hökmü ilə İrşad Muhammad 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->