Xəbər lenti

Hüseynbala Səlimov
Dünya 10:37 19.02.2026

"Zınqırov məsələsi", "Pəhləvi kartı" və...

Cenevrədə ABŞ-la İran arasında aparılan danışıqların detalları, təfərrüatları hələ bütün dəqiqliyi ilə məlum deyil. Amma İranın rəsmi adamlarının, o cümlədən prezident Pezeşkianın sözlərindən belə bəlli olur ki, proses irəliləməkdədir. Bəzi nüfuzlu media mənbələri Avropada hətta ilk görüşdən sonra bəyan etdilər ki, guya əsas məsələlər razılaşdırılıb və artıq gələn görüşdə bunlar bir sənəd — saziş halına salınaraq müzakirə ediləcək...

Bunları təsdiqləyəcək başqa dolayı detallar da var. İndiyədək ali dini lider Xameneyinin xüsusi bunkerdə yerləşdiyi deyilirdi və o da elə bu günlərdə, deyəsən, ilk dəfə sığınacağından çıxdı və hətta Azərbaycan vilayətlərindən birində cənublu soydaşlarla görüşdü.

Düşünürük, bu detalı da nəzərdən qaçırmaq lazım deyil. Həm də ali dini lider də, elə digər rəsmilər də indi daha inamla danışmağa başlayıblar, üstəgəl, danışıqlarda deyəsən, başqa sövdələşmə predmetləri də peyda olubdur: mollalar indi də Vaşinqtonu iqtisadi təkliflərlə şirnikləndirməyə çalışırlar.

Qeyd edək ki, əslində bu, onların birinci cəhdi deyil. Bir vaxt Azərbaycan Qərbin böyük neft şirkətlərini Xəzərdəki layihələrə cəlb edəndə Tehran asıb-kəsir, buna imkan verməyəcəklərini deyirdi, amma altdan-altdan özləri həmin şirkətləri əməkdaşlığa cəlb etmək istəyirdilər — hər halda, o vaxt hətta bəzi Qərb mənbələri belə yazır, belə deyirdilər və biz də nə onda, nə də indi buna qəti təəccüb etmirik. Ən azı ona görə ki, bu vaxta qədər Tehran Bakıya qarşı hansı oyunlardan çıxmayıbdır! Xəzərdəki Azərbaycan layihələrini bloklamaq və hətta Xəzərin statusunu labirintə çevirmək üçün nələr etməyiblər?

İndi məlum olur ki, guya Tehran Vaşinqtonun bütün şərtlərini qəbul etməyə hazırdır. Hiss olunur ki, ABŞ da bundan artığına iddialı deyil və Tramp bəzən aşıb-coşub "Rejim dəyişməsə, heç nə mümkün olmayacaq” desə də, Tehranın yaxasından daha çox nüvə və hərb sahəsindəki öhdəlikləri asmaqda maraqlıdır. Düzdür, Təl-Əviv bir az artıq güzəşt tələb etmək istəyir Tehrandan, amma onların da canfəşanlığında iranlı cəmiyyət üçün də hansısa nəticələr əldə etmək istəyi görünmür: hamı öz problemlərinin hayındadır və güman edirik ki, Vaşinqton gec-tez Təl-Əvivə də öz ssenarisini qəbul etdirəcək. Hərçənd, biz də bu fikirdəyik ki, Tehran–Vaşinqton sövdələşməsi baş tutsa belə, uzağı, prosesdə pauza yaranacaq. Çünki İran ideoloji dövlətdir, ruhani rejimi də ideoloji rejimdir və bunların sərsəm "ideologiya”ları var ki, daha çox fars şovinizmindən və guya "ortodoksal islam”dan yoğrulubdur...

Ruhani hakimiyyəti heç vaxt bundan əl çəkməyəcək. Onlar az qala yarım əsr bundan əvvəl hansısa "mənəvi problemlər”i həll etmək üçün gəlməyiblər hakimiyyətə. Yox, belə hesab edirlər ki, "ideologiya”ları nəinki ölkələri, hətta bütün müsəlman dünyası üçün ən məqbul siyasi sistem-modeldir və bunun qarşısında da duran Qərbdir, İsraildir və s...

Odur ki, bir daha deyirik: danışıqlar lap uzağı, müvəqqəti pauzaya gətirib çıxaracaq və bundan kim qazanacaq — artıq gələcəyin sualıdır bu...

Ən əsası: Tehran Vaşinqtonla, Təl-Əvivlə hansısa sövdələşmələrə və ya güzəştlərə hazır olsa da, bunu öz cəmiyyətinə münasibətdə etmək fikrində deyil və bu, Xameneyinin bunkerdən sonrakı ilk leqal görüşündə də göründü. Bəli, rejim, mollalar və şərti mülki-dünyəvi siyasi simalar guya baş vermiş siyasi proseslərdən, xüsusən etirazlar zamanı insanların həlak olmasından "üzgün” olduqlarını desələr də, hətta qırx gün yas saxladıqlarını bildirsələr də, zərrə qədər olsun güzəşt etmək, rejimi azacıq da olsa mülayimləşdirəcək addımlar atmaq fikrində deyillər. Bəs onda yalançı "göz yaşları” kimə lazımdır? Bu qədər insan (rəsmi olaraq 3100 nəfər, qeyri-rəsmi isə 30000-dən çox!) niyə həlak olmalı idi? Onlar İrana qarşı hansısa təcavüzü dəf etmək üçün həlak olsaydılar, bunu da başa düşmək olardı, amma bu adamlar rejimə qarşı aksiya keçirən zaman həlak olublar!..

Təəssüf ki, doktor Pezeşkian da etirazlara və etirazçılara qarşı daha loyal görünməyə çalışsa da, bunun bir mənası yoxdur, çünki prezident dini rəhbərə qarşı çıxmağa cəhd etmədi. Hətta daim belə bir detalı vurğulayır ki, ölkə dini liderin nəzarətindədir, hətta ABŞ-la danışıqlara da Xameneyi özü nəzarət edir.

Deyəsən, "Pəhləvi kartı” da alınmadı. Bu günlərdə onun Avropadakı tərəfdarlarının böyük aksiya keçirdiyi deyildi. Amma İranın özündəki etirazçıları bu "siyasi kart” demək olar ki, ilgiləndirmədi.

Burada yada çox kiçik bir nağıl düşür. Siçanlar bir zalım pişiyin əlində girinc qalıbmışlar və bir gün toplaşırlar ki, görək, pişikdən necə canımızı qurtaraq?

Bəli, qərara gəlirlər ki, pişiyin boynundan zınqırov asmaq lazımdır ki, onun gəlişindən xəbər tutsunlar. Əvvəl özləri öz ağıllarına heyran qalır, sevinirlər. Amma bir az ağıllıları qayıdırlar ki: qardaşlar, yaxşı fikirdir, amma zınqırovu pişiyin boynundan kim asacaq? Bəli, bu yerdə siçanlar susur, onlardan daha səs çıxmır və elə nağıl da buradaca bitir...

Hüseynbala Səlimov
--> -->