Xəbər lenti

Yeni şəxsiyyət vəsiqələri gəlir: Köhnələr qüvvədən düşəcəkmi?
Ölkə 12:22 05.07.2025

Yeni şəxsiyyət vəsiqələri gəlir: Köhnələr qüvvədən düşəcəkmi?

"Şəxsiyyət vəsiqəsində dəyişikliklər düzgündür və mən o dəyişikliklərə normal yanaşıram".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli şəxsiyyət vəsiqəsində dəyişikliklər qəbul olunduqdan sonra əvvəlki şəxsiyyət vəsiqələrinin dəyişdirilməsinin hamı üçün məcburi olub-olmayacağı sualına cavab verərkən deyib. 

Onun sözlərinə görə, yeni şəxsiyyət vəsiqələrində nəzərdə tutulan məlumatlar öz əksini tapacaq:

"Eyni zamanda digər şəxsiyyət vəsiqələri də qüvvəsini itirməmiş hesab olunacaq. Və tədricən onların dəyişdirilməsi məsələsi qoyulacaq. Adətən qanunun tətbiq olunması haqqında Prezidentin fərmanı, yaxud da sərəncamı olur. İndi baxır, orada hansı məsələlər tənzimlənəcək. Bu halda əvvəlki dövrlərdə verilmiş şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün müəyyən qədər vaxt ayrılacaq. Çox güman ki, yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesi mərhələ-mərhələ nəzərdə tutulacaq”.
 


Qulamhüseyn Əlibəyli əlavə edib ki, yeni qanun qüvvəyə minəndən sonra əvvəlki şəxsiyyət vəsiqəsi qüvvəsini itirmir:

"Yenə də qüvvəsini saxlayır, amma yeni şəxsiyyət vəsiqələrinin verilməsi artıq ondan sonra alınacaq şəxsiyyət vəsiqələrinə tətbiq olunur. Gələcəkdə də istəlinən vətəndaş ASAN xidmət vasitəsi ilə müraciət edib şəxsiyyət vəsiqəsini dəyişdirə bilər. Hazırda köhnə şəxsiyyət vəsiqəsi də, yeni nəsil şəxsiyyət vəsiqəsi də qüvvəsindədir və heç biri problem yaratmır. Amma köhnə şəxsiyyət vəsiqəsi ilə xaricə getmək olmur, yeni şəxsiyyət vəsiqəsi iləsə olur. Vətəndaşlıq da əlavə olunandan sonra bu, tamamilə normal olacaq”.

Qulamhüseyn Əlibəyli əlavə edib ki, şəxsiyyət vəsiqələrində yeni məlumatlar əks olunacaq:

"Əvvəlki şəxsiyyət vəsiqələri qüvvəsini saxlayacaq. İstər xaricə səyahətlə bağlı, istərsə də sənədləşmə işlərində ola bilsin məhdudiyyətlər olsun. Tədricən onlar da dəyişəcək. Çox güman ki, onlara da Prezident əvvəlki şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün müəyyən vaxt verəcək”.

Qeyd edək ki, Milli Məclis şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatlarının əlavə edilməsi təklifini təsdiqləyib. Dəyişiklik layihəsi Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->