"Hökumət hazırda Qarabağa yalnız sosial vəziyyəti daha pis olan vətəndaşların ilkin köçürülməsi ilə məşğuldur".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Ekspert vurğulayıb ki, xaricdə yaşayan imkanlı soydaşlarımızın Qarabağda iş qurması, tikinti işləri aparması hələ gündəmdə deyil:
"Amma burada bir məqam var. Ölkə prezidentinin də çıxışında da deyilir ki, istəlinən, hətta əslən Qarabağdan olmayan şəxslərin də bölgədə bağ evi tikməsinə, investisiya qoymasına şərtlərlə icazə veriləcək. Necə ki, Bilgəhdə torpaq alıb bağ evi tikirlər, orada da eyni qayda olacaq. O adamlar harda istəyir torpaq ala bilər. Burada hər hansı məhdudiyyət olmayacaq. Amma bunun üçün də hökumət hər hansı güzəşt etmək fikirində deyil".
Xalid Kərimli hesab edir ki, hökumətin bu məsələdə yaratdığı şərait infrastrukturun qurulması olacaq:
"Əslində, infrastrukturun qurulması ən böyük güzəştdir. Ən əhəmiyyətli orada şəraitin yaradılmasıdır. Daha sonra hökumət həmin torpaq sahələrini hərrac yolu ilə özəlləşdirəcək. Görünən budur ki, əsasən Qarabağ əsilli və orada daimi yaşayacaq, imkansız, yaşayış səviyyəsi pis olan şəxlərin yerləşdirilməsi prosesi gedir. Sonrakı mərhələdə isə digər orada yaşamaq istəyən şəxslərin yerləşdirilməsi mərhələsi başlayacaq. Amma kimsə özü üçün nəsə torpaq alıb ev tikmək istəyirsə onlar üçün xüsusi şərtlər olacaq”.
Bahar Rüstəmli
Şərhlər