"Vardan Oskanyan Sarkisyan və Koçaryanın göstərişilə hərəkət edir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli son zamanlar Ermənsitanın keçmiş XİN rəhbəri Vardan Oskanyanın fəallaşmasının səbəblərindən danışarkən deyib.
Politoloq bildirib ki, Vardan Oskanyan Moskvanın təsir dairəsində olan bir simadır:
"Oskanyan "Qarabağ klanı" ilə bağlıdır. O, 4 aya yaxındır ki, Paşinyan əleyhinə tənqidi fikirlər səsləndirir, guya alternativ baxışlar irəli sürür, baş verənlərin Ermənistanın xeyrinə olmadığını iddia edir. Oskanyanın ölkədə hər hansı bir nüfuzu yoxdur. Onun ictimai rəyə təsir imkanları demək olar yox dərəcəsindədir".
Politoloq deyir ki, Oskanyanın məqsədi aranı qarışdırmaq, sülh prosesinə əngəl olmaq, xalqda bu məsələ ətrafında şübhələr yaratmaqdan ibarətdir:
"Amma hələ ki, onun söylədiklərinin heç biri praktikada özünə tərəfdar tapa bilməyib. Onu Serj Sarkisyanla Robert Koçaryan ortaya atıb. Son açıqlamalarını da məhz həmin iki şəxsin göstərişilə edir".
Qeyd edək ki, son bir neçə ay ərzində Ermənistanda keçmiş xarici işlər naziri Vardan Oskanyanın fəallığı hiss olunur. O, intensiv şəkildə müsahibələr verir. Özü də onun bu dövrdəki bütün çıxışları Paşinyan hakimiyyəti əleyhinə yönəlib. Oskanyan çıxışlarında Azərbaycanla Ermənistan arasında aparılan sülh prosesinə kölgə salmağa çalışır. Yəni onun bu dövrdə səsləndirdiyi iddialar sülh danışıqlarını pozmağa yönəlib.
Rüfət Sultan
Şərhlər