Bu günlərdə uşaqlar üçün daha bir filmin təqdimat mərasimi keçirilib. "Boni” adlı tammetrajlı filmin qəhrəmanlarının əksəriyyəti balaca aktyorlardır.
"Boni” adlı filmin ssenari müəllifi Elnur Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu, onun ikinci uşaq filimidir:
"Birinci film "Nağıl kimi” adlanırdı. Ötən il həmin filmin təqdimatı keçirdik və 1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günündə televiziyada yayımlandı. Bu isə ikinci filmdir. Film "Boni" adlanır. Bir itin itməsi və axtarışı ilə başlasa da sonradan maarifləndirici səhnələrlə davam edir. Sonda uşaqlara xeyirxahlıq, birlik və s. kimi yüksək insani dəyərləri aşılayır".
Xalq artisti Yasin Qarayev film haqqında fikirlərini bölüşüb:
"Bono" tammetrajlı filmin yaradıcı heyətini təbrik edirəm. Bu filmin böyüməkdə olan nəslin hərtərəfli inkişaf etməsində, estetik tərbiyə kimi çox böyük rol oynayacağina da tam əminəm. Çünki çox böyük əzimkarlıqla ərsəyə gətirilən bu ekran əsərinin məqsəd və qayəsi uşaqlarda gözəl insanı keyfiyyətlər olan doğruçuluq, gözəlliyi duymaq, ata-ananı və ana vətəni sevmək kimi saf hisslər oyatmaq kimi hisslər aşılanıb. Fikrimcə, zəhməti olanların hamisı, yəni, lahiyə rəhbəri, ssenarist, rejissor, operator və aktyorlar məqsədə nail olublar!".
Xalq artisti Nübar Novruzova belə bir layihəyə görə "Boni” filminin yaradıcı kollektivinə təşəkkür edib:
"Filmdə çəkilən bütün uşaqlara təşəkkür edirəm. Bu işin qarşılığında minnətdarlıq çox balacadır. Böyük bir iş görüblər. Filmdə uşaqların ifasında böyük bir ismarıclar var. Valideynlər də sağ olsun ki, uşaqlarının bu filmdə çəkilməyinə icazə veriblər. Bu filmdə bir nəsnəni anladım ki, uşaqlara idman, musiqi lazımdır, heyvanlara sevgi, məhəbbət lazımdır".
Aktrisa Zemfira Əbdül Səməd isə uşaqlarla işləməyin böyük bir proses olduğunu əlavə edib:
"Filmdə süjet kimi qoyulan problemlər də maraqlı idi. Filmdə bir mesaj var. Həmçinin filmdə böyük aktyorlarla yanaşı uşaqlar da rol alıb. Bu onlar üçün bir məktəbdir. Belə filmlərdə çəkilmək onlar üçün bir keçid ola bilər, nə vaxtsa böyük kinoya buradan başlaya bilərlər. Filmdə istedadlı uşaqlar çoxdur. Əminəm ki, onların hansısa gələcəkdə aktyor olacaq".
Aktyor Ədalət Əbdülsəmədov filmin insanlara müsbət enerji aşıladığını və bu gün Azərbaycanda uşaqlar üçün belə filmlərin çəkimədiyini vurğulayıb:
"Sovet dövründə uşaqlar, məktəblilər üçün belə filmlər çəkən böyük bir kinostudiyalar vardı. Uşaqlar böyüklər üçün çəkilən filmlərə baxmayacaq ki. Uşaqların özlərini düşündürən və maraqlandıran məsələlərdən filmlərin çəkilməsi daha məqsədəuyğundur”.
Bahar Rüstəmli
Şərhlər