Xəbər lenti

Dünya 19:25 30.11.2024

"Ukraynanın müharibədən uduşla çıxması mümkün deyil" - Ekspert

"NATO çətiri altında indiki vəziyyətdə atəşkəs razılaşması əldə olunsa, bu Kiyevə heç də xoş gələcək vəd etməyəcək". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyevin nəzarətindəki ərazilərin NATO çətiri altına alınması təqdirində münaqişənin qaynar mərhələsini dayandırmağa hazır olduğunu barədə bəyanatını şərh edərkən deyib.

Üzeyir Şəfiyevin fikrincə, Zelenskinin bəyanatı bir daha onu göstərir ki, Ukraynanın müharibədən humanitar fəlakət, hərbi və iqtisadi baxımdan qismən də olsa uduşla çıxması mümkün deyil:

"Rusiya Donald Tramp vəzifəyə başlayana qədər maksimum dərəcədə Ukraynanın içərisinə irəliləməyə çalışır. Putinin Kiyevə hansı həmlələr edəcəyilə bağlı açıqlaması və yeni silahlarla Ukraynanın dərinliklərinə zərbələr endirməsi Zelenskini pessimistliyə sövq edib. Zelenski diplomatik və taktiki-siyasi gedişlərlə Ukraynanı müharibədən yayındıra bilərdi. Amma buna onun siyasi iradəsi, təcrübəsizliyi imkan vermədi. O, Qərbin oyununun qurbanına çevrilib. Zelenski bu acı gerçəkliyi görür və böyük səhvin yarısından qayıtmağı uduşlu sayır. NATO Kiyevi üzv etməyə hazır deyil".
 


Ekspert bildirib ki, Ukrayna prezidenti NATO təhlükəsizlik çətiri altında mövcud status-kvo ilə qəbullanmaq istəyir:

"Amma bu Zelenski üçün mümkünsüzdür. Ukraynada Zelenskiyə qarşı, hətta onun öz komandasının bəzi üzvləri də daxil olmaqla kifayət qədər ictimai qəzəb var. Onlar Zelenskinin belə qərarını xoş qarşılamayacaqlar. Bu da Zelenski üçün xoş olmayan perspektivdir. O, belədə Ukrayna cəmiyyəti tərəfindən nifrətlə qarşılanacaq. Belə addım atsa, təhlükəsizliyi də sual altına düşəcək". 

Ekspert düşünür ki, NATO təhlükəsizlik çətiri altında indiki vəziyyətdə atəşkəs razılaşması əldə olunsa, gerçəkdən Ukrayna ərazilərinin bölgüsü reallaşa bilər:

"Ukrayna geosiyasi maraqlar güdən dövlətlər arasında bölüşdürülə bilər. Burada Polşa, Almaniya, Macarıstan, eyni zamanda, ABŞ-ın da marağı var".

Bu baxımdan konfliktoloq hesab edir ki, Zelenskinin belə bir qənaətə gəlməsi mənfi haldır:

"Bu da onun qeyri-peşəkar siyasətçi olduğunun təsdiqidir. Güman ki, Zelenski Tramp fəaliyyətə başlayana qədər Rusiyanın Ukraynanın içərisinə maksimum dərəcədə girmək ehtirasını duyur. Ona görə də narahatdır. Həm də o fərqindədir ki, arxasında dayanan dövlətlər heç də Ukrayna üçün canyananlıq etmir. Əslində, onlar Ukraynanı bu vəziyyətə gətirməklə ərazi və sərvətləri bölməklə bazarlaşmaq üçün münbit şərait yaradıblar. Ukrayna kimi dövlət üçün pessimist perspektiv gözlənilir. İndiki halda Ukrayna aqoniya vəziyyətindədir".

Üzeyir Şəfiyev qeyd edir ki, NATO əsgəri səviyyədə Ukraynaya müdaxilə etməsə Kremli durdurmaq mümkün olmayacaq:

"Rusiyanın Şimali Koreya ordu qüvvələrindən istifadə etməsi imkan verir ki, NATO da hərbi birləşmələr səviyyəsində Kiyevin yanında olsun. Bu baş verərsə, Rusiyanı geri otuzdurmaq mümkün olar. Bu yoxdursa, deməli Qərb məqsədli şəkildə Ukraynanı acı duruma salır. Bazarlaşmada Rusiyanı qane edən şərtlər olmadığı halda, Moskva Ukrayna ilə kifayətlənməyərək, Şərqi Avropa və Pribaltika ölkələrini də ilhaq siyasətinə keçəcək. Putinin nüvə şantajı da blefdir. Nüvə tətbiqi olarsa, bunu ilk edən ABŞ olacaq. Rusiyadan ilk nüvə tətbiqini gözləmək sadəlövhlük olardı". 

Həmsöhbətimiz düşünür ki, sülh müqaviləsinin bitməsilə həm də NATO-nun Şərqə doğru irəliləməsinə son verilməlidir:

"Çünki bu əlavə hərbi bloklar yaratmağa, Rusiya ətrafında müttəfiqləri yeni hərbi blok şəklində formalaşmağa sövq edir. Bu da yeni-yeni müharibələrin əsasını qoya bilər. Ukrayna cəbhəsində yaxın perspektivdə sülh görünmür". 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınacağı təqdirdə münaqişənin qaynar mərhələsinin dayandırmağa hazır olduğunu bəyan edib. Bu barədə o, "Sky News"a müsahibəsində deyib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->