Yunanıstanın millətçi nəşri "Pentapostagma" nəşri ötən gün "Suriya Türkiyənin nəzarətinə keçdi, "Türk imperiyasının" yüksəlişi başladı" adlı məqalə dərc edib.
Qaynarinfo aktuallığını nəzərə alıb, həmin məqalənin tərcüməsini, heç bir şərh vermədən oxuculara təqdim edir:
"Asiyanın dərinliklərindən Orta Afrikaya və bəlkə də Atlantik okeanına, Qafqazlardan Hind okeanına və Somali sahillərinə qədər...
Uzun zamandır bu mövzuda yazırıq: Türkiyə artıq yeni bir imperiyanın təməlini qoymuş vəziyyətdədir. Müasir forması ilə bu imperiya sultanlar dövründəki kimi olmaya bilər, lakin indiki ilk mərhələsində ona Osmanlı deyil, "Türk imperiyası" demək mümkündür.
Hal-hazırda Ankara Somali, Liviya və Atlantik okeanındakı San-Tome və Prinsipi adalarını (Afrika qitəsinin qərb sahillərində, Qvineya körfəzində yerləşən bir ada dövləti - red.) "fəth edərək” bu bölgələri himayə dövlətləri halına gətirib.
Türkiyə, Azərbaycanı bu ölkə ilə olan qohumluq bağları sayəsində nəzarətdə saxlayır; Suriya və İraqın mühüm bir hissəsində hərbi mövcudluğu var. Bundan əlavə, Ankara Orta Afrika ölkələri, məsələn, Niger üzərində də böyük təsir gücünə malikdir. Türk Dövlətləri Təşkilatı vasitəsilə bu təşkilata üzv olan ölkələrin fəaliyyət istiqamətlərini müəyyən edə bilir.
Bu necə baş verdi? Son onilliklər ərzində həm SSRİ-nin süqutu, həm də ABŞ-ın dünyanın bir çox nöqtələrindən əhəmiyyətli dərəcədə geri çəkilməsi ilə yaranan güc boşluğundan istifadə edərək... Əslində, yeganə super güc ideyası artıq yalnız ad olaraq mövcud idi.
Təbiət boşluğu sevmir və Türkiyə bunu anlayaraq, Qərb dünyasından fərqli olaraq Bizans xarici siyasətinin bir versiyasını məharətlə tətbiq edir.
Görünür, Yunanıstan və ümumiyyətlə helenizm yaxın, bəlkə də çox uzaq olmayan gələcəkdə yenidən, təəssüf ki, təkbaşına bir "tufan”la üzləşmək məcburiyyətində qalacaq. Bu isə çoxsaylı radikal müsəlmanları özündə birləşdirərək Avropanın daxilən fəthi, hətta süqutuna yönəlmiş yeni bir "Türk imperiyası” olacaq.
Sualla üzləşməliyik: Yunanıstan coğrafiyasının ona verdiyi qədim rolu və vəzifəni, yəni Avropa və Qərb sivilizasiyasının Asiya-Müsəlman sərhədlərini qorumaq və qayda yaratmaq missiyasını yenidən üzərinə götürməyə nə qədər hazır və həvəslidir?"
Aydın
Şərhlər