Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə 5-6 dekabr 2024-cü il tarixində "Türk dünyasında Azərbaycan dili və Ədəbiyyatı Araşdırmaları” mövzusunda I Beynəlxalq Elmi Simpozium keçirildi.
Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova giriş sözü ilə simpoziumu açıq elan etdi. O, simpoziumun məqsədinin Azərbaycan dilinin və ədəbiyyatının ölkəmizdən kənarda, xüsusilə də Türk dünyasında mövcud vəziyyətinin, onun tədqiqi və təbliği istiqamətində həyata keçirilən işlərin geniş platformada müzakirəsini, bu sahədəki problemlərin və perspektivlərin müəyyənləşdirilməsini təmin etmək məqsədi daşıdığını vurğuladı. Dos. Dilbər Zeynalova sonra bu simpoziumun türk dünyası arasında bir körpü yaradacağına, Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq aləmdə təbliğinə mühüm töhfə verəcəyinə inanaraq dəstək olan tərəfdaşlara - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, onun sədri hörmətli Fuad Muradova və Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fonduna, Nar, onun İctimaiyyətlə Əlaqələr və Koorporativ Ünsiyyət departamentinin direktoru, Xəzər Universittinin məzunu Hökümə xanım Kərimovaya, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan İdarə Heyətinin sədri hörmətli Rəşad Cabirliyə, Azərbaycan Milli Elmlər Akademiyasına, Ege Universitesinə, Atatürk Üniversitesinə, Kars-Kafkaz Universitesinə, Özbəkistan İqtisadiyyat və Pedoqoqika İnstitututuna öz təşəkkürüni bildirdi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof. Hamlet İsaxanlı simpoziumun mövzusunun əhəmiyyətini və hansı dəyərləri daşıdığını əsaslandıraraq "Divani-lüğət-it-türk” və "Kitabi-Dədə Qorqud” kimi kultlardan müasir dövrə qədər tarixi, milli, siyasi, elmi əhəmiyyəti olan bir çox mənbə və şəxslərə istinad edərək Azərbaycan və ümumtürk dünyası üçün ortaq hesab olunacaq dəyərlərdən danışıb, simpoziumun da məhz eyni xətti izlədiyini və onun geniş aspektli inkişaf üçün vacibliyini vurğuladı.
Ege Universitetinin professoru, Türkiyə Yazarlar Birliyinin, Avrasiya Yazarlar Birliyinin, Türk Mədəniyyəti Araşdırma İnstitutunun, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ədəbiyyatşünas prof. Yavuz Akpınar, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri tarix elmləri üzrə fəlsəfə doktoru Cavid İsmayıl, Nar, onun İctimaiyyətlə Əlaqələr və Koorporativ Ünsiyyət departamentinin direktoru, Xəzər Universitetinin məzunu Hökümə Kərimova çıxış edərək simpoziumun türk dünyasının elmi və mədəni inkişafındakı əhəmiyyətindən danışdılar.
Şərq və Qərb türkləri arasında geopolitik bir mövqedə yaşayan azərbaycanlıların dil və ədəbiyyat məsələlərinə diqqət çəkmək, Türk dünyasında linqvistik-filoloji tədqiqatları, eyni zamanda əbəbi şəxsiyyətlərin yaradıcılığının tədqiq prosesini aktuallaşdırmaq, Türk dünyası ziyalıları, tədiqatçıları arasında kommunikasiyanı gücləndirmək məqsədilə Azərbaycan Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Şimali Kipr Türk Respublikası kimi türk dövlətlərini elm və mədəni inkişaf naminə bir araya toplayan simpozium panellər üzrə elmi çıxışlarla davam etdi.
Xəzər Universitetinin Musiqi və İncəsənət departamentinin müdiri, əməkdar müəllim Zülfiyyə Sadıqovanın müşayiəti, Beynəlxalq Müsabiqələr laureatı, Prezident mükafatçısı Orxan Həşimovun dirijorluğu ilə Musiqi və İncəsənət departamentin müəllimləri aşıq Ramin Qarayev, Məhsəti Azaflı, Xəzər Universitetniin tələbələrdən ibarət xor kollektivi Simpozium iştirakçılarını musiqi ilə salamladılar.
İki gün davam edən simpoziumda 100-ə yaxın elmi tədqiqatçı konfransın məqsədinə xidmət edən müxtəlif mövzulu tezislərlə əyani və onlayn formada iştirak etdilər.
Dekabrın 6-da simpozium çərçivəsində Xəzər Universitetinin Dünya məktəbində Kars Kafkaz Universitəsinin əməkdaşları Dos. İlkin Qulusoy və Dr. Sema Şahin Dedenin "Türkiye Türkçesi ve Azerbaycan Türkçesi Karşılaştırmalı Deyim Bilgisi” kitabının təqdimatı baş tutdu. Simpozium öz işini Azərbaycanın böyük sənətkarı, Turançılıq məfkurəsinin təbliğatçısı Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş elmi, musiqili bədii proqramla yekunlaşdırdı.
Şərhlər