Xəbər lenti

Dünya 13:38 20.02.2025

"Tramp Zelenski ilə işləmək istəmir və onu yeni sima ilə əvəz etməyi düşünür" - Ekspert

"Trampın Ukraynada seçkilərin keçirilməsini tələb etməsi onun Zelenski ilə işləmək istəmədiyinin mesajıdır ”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli ABŞ prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenskini seçki keçirməkdən yayınmaqda ittiham etməsini şərh edərkən deyib. 

Ekspert deyir ki, Tramp da Putinin ritorikası ilə hərəkət edir:

"Putin də bu termindən istifadə edərək, Zelenskinin legitim olmadığını dəfələrlə bəyan edib. Digər tərəfdən, Trampın Ukraynada seçkilər məsələsini gündəmə gətirməsi bu ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq məqsədi daşıya bilər. Tramp Zelenski ilə işləmək istəmir. Ona görə də onu yenisilə əvəz etməyi düşünür. Müharibə aparan, ərazisinin bir hissəsi işğal olunan, əhalinin müəyyən hissəsi xaricə dağılan ölkədə seçkilərin keçirilməsi o qədər də uğurlu variant deyil. Bu məqam müharibənin dayandırılması üçün bəhanə olmamalıdır. Amma təəssüf ki, bu belədir”. 
 


Həmsöhbətimiz Trampın mövcud vəziyyətdə Ukraynada seçkilərin keçirilməsi tələbinə nail olacağını düşünmür:

"Trampın bu kimi açıqlamaları sadəcə daxili auditoriyaya hesablanıb. Adətən, Tramp müxtəlif bəhanələrlə çıxış edir. Amma hüquqi mexanizmlər Trampın irəli sürdüyü ideyaların bu və ya digər formada təxirə salınması, dəyişdirilməsi və yenilənməsinə gətirib çıxarır. Bunun nəticəsidir ki, ABŞ prezidentinin müəyyən sərəncamları məhkəmələr tərəfindən dayandırılıb. Digər tərəfdən, Zelenskinin Trampın planlarından imtina etməsi, Avropa ölkələrinin Ukraynanı müdafiə etməkdə davam etməsi fonunda müəyyən dövrdən sonra ABŞ prezidenti dediklərində yəqin ki, müəyyən koorektlər edəcək”. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini diktator adlandırıb və onu seçkiləri keçirməkdən imtina etməkdə ittiham edib. Hətta, Tramp iddia edib ki, Zelenskinin reytinqi cəmi 4 faizdir. Ardınca milyarder İlon Mask da Zelenskini aşağılayan fikirlər səsləndirib. O bildirib ki, Zelenski nə qədər ki, mətbuat azadlığını təmin etməyib və seçkiləri təxirə salmağı dayandırmayıb, Ukrayna xalqının iradəsini təmsil edə bilməz.
 
Xatırladaq ki, qanuna müvafiq olaraq Ukraynada prezident seçkiləri keçən ilin ortalarında keçirilməli idi. Lakin ölkə müharibə vəziyyətində olduğundan seçkilərin keçirilməsi naməlum müddətədək təxirə salınıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->