ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezidentliyinin ilk günündə 14-cü düzəliş əsasında anadangəlmə vətəndaşlığı ləğv etmək niyyətində olduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "NBC News”a
müsahibəsində bildirib.
Tramp qeyd edib ki, ideyanı həyata keçirmək üçün Amerika xalqına müraciət vasitəsilə ABŞ Konstitusiyasını dəyişdirmək lazım ola bilər. O, mövcud anadangəlmə vətəndaşlıq sistemindən narazılığını bildirib və bunu "gülünc" adlandırıb.
Tramp Kanada və ya Braziliya kimi digər ölkələrin nümunələrinə məhəl qoymadan bu təcrübənin yalnız ABŞ-da olduğunu qeyd edib. "Biz bunu dayandırmalıyıq", - deyə Tramp bildirib.
Bu hüquq Konstitusiyanın 14-cü Düzəlişində təsbit edildiyi üçün qanunu necə dəyişdirməyi planlaşdırdığını soruşduqda, Tramp "bunu icra hakimiyyəti vasitəsi ilə edəcək” deyə cavab verib.
O bildirib ki, əvvəlki prezidentlik dövründə COVID-19 pandemiyası səbəbindən bu təşəbbüsü həyata keçirməyə vaxtı olmayıb.
Tramp "Xəyalpərəstlər” adlandırılanlar – uşaq ikən ABŞ-a gələn immiqrantlar məsələsinə də toxunub. ABŞ-ın yeni seçilmiş prezidenti onların statusu ilə bağlı kompromis tapmaq üçün demokratlarla işləməyə hazır olduğunu bildirib:
"Biz "Xəyalpərəstlər” haqqında nəsə etməliyik. Onlar uğur qazanıblar, onların işləri, hətta biznesləri var. Biz onlar haqqında nəsə etməliyik".
Qeyd edək ki, 1868-ci ildə ratifikasiya olunmuş 14-cü Düzəliş ABŞ-da doğulan hər kəsə vətəndaşlıq zəmanəti verir. Onu dəyişdirmək üçün ştatların dörddə üçünün razılığı lazımdır.
Nizami Bağırov
Şərhlər