Müharibənin ilk günlərində Moskva Kiyevə öz məzmunu və mahiyyəti ilə Ukraynanın təslim olması tələbi olan sülh müqaviləsi layihəsini verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq Radiosu” redaksiyaya daxil olan sənədin mətninə istinadən məlumat
yayıb.
"Ukraynadakı vəziyyətin nizamlanması və Ukraynanın neytrallığı haqqında Saziş" 7 mart 2022-ci il tarixlidir. Və məhz həmin gün sənəd Ukraynaya təhvil verilib. O zaman işğalın başlanmasından cəmi 11 gün və Belarus ərazisində Ukrayna və Rusiya nümayəndə heyətləri arasında birbaşa danışıqların başlanmasından bir həftə keçmişdi.
"Rusiya birtərəfli şərtləri Kiyevin kapitulyasiyasını nəzərdə tutan müqavilə təklif etdi. Ukrayna hakimiyyəti bu şərtlərlə razılaşsaydı, o, Ukraynanı uydurma neytral statuslu, kiçik dişsiz ordusu olan, NATO ölkələrindən müdafiəsi olmayan, Krım və ya Donbas üzərində nəzarəti bərpa etmək şansı olmayan bir oyuncaq quruma çevirərdi", deyə "Azadlıq Radiosu" jurnalistləri qeyd edirlər.
Ümumilikdə sənəd altı səhifə əsas müqavilə və dörd səhifə əlavələrdən ibarətdir. Müxtəlif sahələri əhatə edən 18 bənddə Rusiya Ukraynadan aşağıdakı güzəştləri tələb edib:
- Ukrayna ordusunu 50 min nəfərə, o cümlədən 1500 zabitə qədər azaltmalıdır. Ukraynaya yalnız dörd döyüş gəmisi, 55 helikopter və 300 tanka icazə veriləcəkdi.
- Ukraynaya öz ərazisində 250 km-dən çox mənzilli raketlər hazırlamaq, istehsal etmək, almaq və yerləşdirmək qadağan ediləcəkdi. Rusiya gələcəkdə Ukraynaya elmi araşdırmalar nəticəsində hazırlana biləcək hər hansı digər silah növlərini qadağan etmək hüququnu özündə saxlayır.
- Ukrayna Ukraynanın Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədləri daxilində qondarma Donetsk və Luqansk "respublikaları”nın "müstəqilliyini” tanımalı olacaqdı.
- Ukrayna Donbasın 2014-cü ildən dağıdılmış infrastrukturunun bərpasını maliyyələşdirməli idi.
- Ukrayna və Qərb 2014-cü ildən bəri Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etməli idi.
- Ukraynada rus dili dövlət dili statusu almalı idi. Həmçinin, Kiyev Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin bütün mülkiyyət hüquqlarını bərpa etməli idi.
- Ukrayna nasizm üzərində qələbə ilə bağlı regionlarda rəmzlərə qoyulan qadağaları ləğv etməli və bir daha tətbiq etməməli, yəni sovet və kommunist simvollarını yenidən qanuniləşdirməli idi.
"Azadlıq Radiosu" qeyd edir ki, bu, müharibənin tammiqyaslı mərhələsi başlayandan sonra bağlanmış sülh sazişinin Rusiya şərtləri ilə ilk məlum sənədidir. Bunu 2022-ci ilin yazında danışıqların gedişi ilə tanış olan ukraynalı mənbə verib və danışıqlara yaxın olan Rusiya mənbəsi də sənədin həqiqiliyini təsdiqləyib.
Sonrakı həftələrdə Ukraynanın etiraz və təklifləri ilə bu sülh müqaviləsi layihəsi bir neçə mərhələdə dəyişikliklərə məruz qaldı və cəbhədə vəziyyət dəyişdi. Sülh müqaviləsi layihəsinin ən son məlum variantı aprelin ortalarına aiddir.
Aydın
Şərhlər