Suriya İnqilabi və Müxalif Qüvvələrin Milli Koalisiyasının sədri Hadi əl-Bahra prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra mülki hökumət formalaşdırmaq planlarını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə EFE agentliyi
yazır.
Əl-Bahra vurğulayıb ki, keçid hökuməti "Hayat Təhrir əş-Şam" (HTŞ) və ya digər ekstremist təşkilatların nümayəndələrini əhatə etməyəcək və tamamilə mülki xarakter daşıyacaq.
"Keçid hökumətinin tərkibi HTŞ və ya Xilasetmə Hökumətindən ibarət olmayacaq. Bu, mülki bir qurum olacaq,” – deyə o, Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı bildirib.
Əl-Bahra həmçinin əlavə edib ki, Əsəd rejiminin devrilməsindən sonra hakim BƏƏS partiyasının buraxılması planlaşdırılmır. Bunun əvəzinə, partiyanın normal siyasi qüvvəyə çevrilməsi nəzərdə tutulur ki, 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra İraqda edilən səhvlərdən qaçmaq mümkün olsun.
"Əgər biz onları buraxsaq, təcrid edəcəyik. Təcrid edəndə isə onlar ekstremistə çevriləcəklər”, – deyə o bildirib.
"Hədəf bölünmüş deyil, vahid bir Suriya yaratmaqdır”, – deyə Əl-Bahra vurğulayıb.
Əl-Bahra, həmçinin İran və Rusiyanın – Əsədin əsas müttəfiqləri olan bu dövlətlərin – Suriyanın işlərinə müdaxiləsinin məhdudlaşdırılacağını vəd edib.
Onun sözlərinə görə, 27 noyabrda başladılan əməliyyat illərlə davam edən hazırlıq, yaxşı planlaşdırılmış strategiya və müasir texnologiyalardan, xüsusən də dronlardan istifadə sayəsində uğurla başa çatıb. "Əsədin qoşunları bunu etməmişdi”, – deyə o qeyd edib.
"Onların soyuqdan qorunmaq üçün uyğun qış geyimləri yoxdur. Onların yataq yerləri yoxdur. Onların hamam otaqları yoxdur. Bəs onlar niyə vuruşurlar? Kimin üçün? Bizim döyüşçülərimiz isə öz evlərinə qayıtmaq istəyən məcburi köçkünlərdir, ona görə də onlar məhz öz evlərinə qayıtmaq üçün mübarizə aparırlar”, - o deyib.
Qeyd edək ki, Əsəd rejimi Suriyada 24 il ərzində hakimiyyətdə olub və 8 dekabrda Dəməşqin – ölkənin paytaxtının – 12 günlük hücumdan sonra "Hayat Təhrir əş-Şam” (Levantın Azad Edilməsi Təşkilatı) adlı islamçı döyüş qrupunun rəhbərliyindəki üsyançılar tərəfindən ələ keçirilməsi ilə devrilib.
Rusiya dövlət agentlikləri TASS və RİA Novosti məlumat yayıb ki, Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır və Rusiya onlara sığınacaq verib.
Alpər
Şərhlər