Xəbər lenti

Ölkə 14:04 26.02.2025

"Spirtdən zəhərlənmənin gerçək səbəbləri araşdırılmalıdır" - Ekspert

"15 nəfərin ölümü ilə bağlı baş verən hadisə kriminal sayılır. Bu, ciddi hadisədir və böyük araşdırma tələb edir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. 

Professor bu hadisədə kriminal faktorların olduğunu diqqətə çatdırıb: 

"Cinayət işi açılıb, araşdırılandan sonra ictimaiyyətə məlumat verilməlidir. Belə halların qarşısının alınması üçün lazımı tədbirlər görülməlidir".
 


Adil Qeybulla hesab edir ki, əgər bu qida keyfiyətinə aiddirsə, hadisə ilə bağlı aidiyyatı qurumlar da məsuliyyət daşıyırlar:

"Çünki bu cür məhsulların, ərzaqların satışda olması və s. mahiyyəti araşdırılmalıdır. İkincisi, bəzən insanlar əldə düzələn və eləcə də apteklərdə dizenfeksiya məqsədi ilə satılan spirtlərdən istifadə edirlər. Həmin spirtlərin tərkibi müxtəlif ola bilər. Onların daxilə qəbulu qətiyyən məqsədəuyğun deyil. Əldə düzələn spirtlərin tərkibində toksiki maddələr yüksək ola bilər və sonda zəhərlənməyə gətirib çıxardar. Nəzərə alaq ki, burada bakterial faktordan daha çox spirtin tərkibinə bağlı toksiki maddələrdən söhbət gedir". 

Qeyd edək ki, fevralın 22-23-də Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Onların ölümünə səbəb etil (texniki) spirtindən zəhərlənməsi qeyd edilib. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->