Xəbər lenti

Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən bir qanuna ehtiyac varmı?
Ölkə 12:50 05.12.2025

Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən bir qanuna ehtiyac varmı?

(Yazı "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusu əsasında hazırlanıb)

Son vaxtlar Milli Məclisin iclaslarında bəzi deputatlar "Sosial şəbəkələrin tənzimlənməsi haqqında” qanun layihəsinin qəbul olunmasına ehtiyac olduğunu dilə gətirir. Deputatların bununla bağlı fikirləri cəmiyyətdə birmənalı qarşılanmır. Bəziləri bunun fikir, söz, məlumat azadlığının qarşısının alınması məqsədi daşıdığını hesab edir. 

Deputat Fazil Mustafa isə mətbuata açıqlamasında bildirib ki, söhbət hansısa şəkildə cəmiyyətin müəyyən əxlaqi dəyərlərinə hörmətsizlik göstərərək atılan addımlardan gedir: "Əslində, bu təklif "bədən azadlığına qarşıdır" deyilə bilər, "söz azadlığına qarşıdır" niyə deyilsin ki? Sözünü normal de də, mütləq soyunub danışmalısan?".

Sabiq deputat Sabir Rüstəmxanlının da təklifi maraq çəkib. Onun fikirincə, maneələr artdıqca sosial medianın texnoloji imkanları da genişlənəcək: "Məhz bu məqsədlə, yəni hansısa cəza tədbirləri, cərimə mexanizmləri olmalıdır ki, hər kəs sözünün sərhədini bilsin".

Ümumiyyətlə, sosial şəbəkələrin fəaliyyəti tənzimlənməlidirmi, belə bir qanuna ehtiyac varmı?

Əməkdar jurnalist Azər Həsrət Qaynarinfo-ya açıqlamasında sosial medianın tənzimlənməsinə ciddi ehtiyac olduğunu bildirib:
 


"Çünki bu, yeni sahədir. Bu sahəyə uyğun da qanunvericilik təkmilləşdirilməlidir. Getdikcə elə şərait yaradılmalıdır ki, istifadəcilər məsuliyyətsizlik edə bilməsinlər. Biz sosial medianı həyatımıza daxil etmişiksə, orada davranış qaydalarını da qanun çərçivəsinə salmalıyıq. Bu fikri deputatlar, ictimai-siyasi xadimlər indi dilə gətir. Mən isə 10 illərdir, bu fikirləri dilə gətirirəm. Baxmayaraq ki, sosial medianın tarixi qədim deyil, amma nəzərə almaq lazımdır ki, Azərbaycanda sosial medianın ilk istifadəçiləri arasındayam. Hətta "Facebook"a qədərki dövrdə də sosial mediadan istifadə etmişəm. Həmişə də bu problemlə üzləşmişəm ki, məsuliyyətsizlik var, qanun deyə bir şey yoxdur".

Azər Həsrət hesab edir ki, əslində sosial medianın özündə bu qaydalar var:

"Sadəcə olaraq bu qaydaları heç bir izləyici oxumur. Əgər izləyicilər həmin qaydaları oxuyub əməl etsələr, artıq bizim haqqında danışdığımız və həyata keçirmək istədiyimiz qanunlara ehtiyac olmaz. Təəssüflər olsun ki, insanlar oxumur, oxuyanlar da qaydalara əməl etmir".

Onun sözlərinə görə, məhz bu səbəbdən dövlətin bu kimi qanunlar qəbul etməsinə ehtiyac var:

"Yəni tənzimləmələr olmalıdır. Məsuliyyət hissi artırılmalıdır. İnsanlar ifadə azadlığından yararlandıqları zaman öz məsuliyyət hisslərini də arxa plana keçirməməlidirlər, ona görə də düşünürəm ki, bu təşəbbüs yerinə düşər".

Sosial medianın şərtlərini pozan izləyicilərə qarşı hansı cəza tədbirləri tətbiq edilə bilər? Azər Həsrət əlavə edib ki, qanun qəbul edilərsə, orada mütləq cəza tədbirləri nəzərdə tutulmalıdır:

"Məsuliyyət nə deməkidr? Qanun çərçivəsində davranmaq. Davranmayacağın təqdirdə sənə qarşı cəza tədbiri görüləcək. Bütün məsələlər təkcə sosial media ilə bağlı deyil. Ona görə də düşünürəm ki, sosial mediada məsuliyyət hissini artırmaq üçün mütləq çəkindirici cəza tədbirləri tətbiq edilməlidir. Hətta sosial mediadan istifadənin yasaqlanmasına qədər. Necə ki, sürücülük, yaxud da dövlət qulluğunda fəaliyyətlə bir araya sığmayan hərəkətlərə yol veriləndə adamın həmin işlə məşğul olması yasaqlanır, eləcə də sosial mediadan uyğun şəkildə istifadə edə bilməyənlərin hətta sosial mediadan istifadəsinin yasaqlanmasına qədər getmək olar. Bundan başqa da pul şəkilində cərimə, müxtəlif ictimai işlərə cəlb etməklə cəza tədbirləri, hətta həbs də nəzərdə tutulmalıdır".

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->