Ukraynanın xarici işlər naziri Andrey Sibiqa beynəlxalq müttəfiqləri II Dünya müharibəsi ərəfəsində buraxılan səhvləri təkrarlamamağa çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Sibiqanın "Telegram”da yayılan bəyanatında deyilir.
Nazir xatırladıb ki, bu gün – 1939-cu il sentyabrın 1-də Hitler Polşaya hücum edib, az sonra ona Stalin qoşulub və tarixdəki ən qanlı müharibə – İkinci Dünya müharibəsi başlayıb.
"Bu günü qarşılamazdan əvvəl nə baş verdiyini xatırlamaq çox vacibdir: zəiflik və aqressoru "razı salacağına” sadəlövh inamla edilən ərazi güzəştləri”, deyə Sibiqa vurğulayıb.
Nazir qeyd edib ki, nasistlərin Üçüncü Reyxi İkinci Dünya müharibəsi fəlakətinə görə tam məsuliyyət daşıyır. "Amma bu şərin güclənməsinə – çətin qərarlardan qaçaraq, güc qarşısında zəifliyi seçərək, arzulananı reallıq kimi təqdim edərək, reallığa əsaslanan strategiyalar qurmaq əvəzinə imkan verənlər də var idi”, deyə Sibiqa bildirib.
Onun sözlərinə görə, II Dünya müharibəsində həlak olmuş on milyonlarla insana hörmət göstərməyin ən yaxşı yolu bu gün həmin səhvlərin təkrarlanmasına yol verməməkdir.
Sibiqa qeyd edib ki, müttəfiqlərin birliyi, Rusiya təcavüzkarına təzyiq və Ukraynaya dəstək bütün Avropada təhlükəsizlik və uzunmüddətli sülh üçün həlledici əhəmiyyət daşıyır.
Xatırladaq ki, Alyaskada Vladimir Putinlə görüşdən sonra ABŞ prezidenti Donald Tramp Avropa liderlərinə, o cümlədən Volodimir Zelenskiyə bildirib ki, şəxsi olaraq sülh naminə rusiyalılara Donetsk vilayətinin işğal olunmamış ərazilərinin verilməsi ideyasını dəstəkləyir. Lakin Zelenski ABŞ lideri Donald Trampla söhbəti zamanı Donbası verməkdən imtina edib.
Alpər
Şərhlər