Azər Rəşidoğlu
Ukrayna Baş naziri Denis Şmıqal və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olarkən Rusiya qüvvələri Odessa yaxınlığına raket zərbələri endirib. Bundan sonra rəsmilər bomba sığınacağında görüşü davam etdirməyə məcbur olublar.
"Aİ Şurasının prezidenti Şarl Mişellə görüşümüzün rəsmi hissəsi hava hücumu xəbərdarlığı və Rusiyanın Odessa yaxınlığında atdığı raketlərlə kəsildi. Biz Rusiyanı necə dayandırmaq və Ukraynanı yenidən qurmaq haqqında müzakirələrimizi sığınacaqda davam etdrdik. Ukraynanın əsl dostunun ziyarətinə görə minnətdarıq”, - Şmıqal qeyd edib.
Bu, artıq ilk hadisə deyil. Rusiya Ukraynaya səfər edən beynəlxalq missiyanı daima atəşə tutub və bununla da Ukraynaya giriş üçün Kremldən icazə alınması vacibliyini nümayiş etdirib. Maraqlıdır, həmin atəş zamanı Aİ prezidenti və yaxud nüfuzlu Qərb ölkələrinin rəhbərləri həyatlarını itirsə, proseslərin gələcək inkişafı necə olacaq? Bu amil NATO-nun Rusiya ərazisinə daxil olmasına səbəb ola bilərmi? Belə olarsa, Rusiya da NATO ölkələrini hədəf seçə bilər. Qərb döyüşlərin Ukrayna ərazisindən NATO ölkələri ərazisinə keçməsinə razı deyil. Qərb istəmir ki, NATO-nun çətiri altında olan ölkələrin əhalisi bu savaşın birbaşa qurbanına çevrilsin. Bu baxımdan, Kreml ən ağlasığmaz addımlar atsa belə, bunun cavabının yalnız daha sərt sanksiya olacağını ehtimal edə bilərik.
Lakin sanksiyalar Kremli durdurmağa kifayət edirmi?
Xatırladaq ki, 2014-cü ildə sanksiyaların tətbiqindən sonra Rusiya iqtisadiyyatının bu cəzalardan ciddi şəkildə təsirlənmədiyini iddia edirdi. Lakin artıq Moskva bunu iddia edə bilmir. Belə ki, Rusiya iqtisadiyyatı Qərb kapitalı, avadanlığı və texnologiyasından çox asılı olduğundan iflic vəziyyətindədir. Rusiya son şantaj kartı - "enerji təhdidi”ndən də istifadə edə bilmir. Belə ki, 2021-ci ilin ikinci yarısında dünya enerji qiymətləri rekord həddə yüksəlməyə başladı, neft və qaz ixracından asılı olan Rusiya büdcəsi böyük əlavə vəsaitlər əldə etdi. Lakin artıq Rusiyadan neft və qaz idxalına da embarqo qoyula bilər. Bu isə Moskva üçün fəlakətə bərabərdir. Rusiya üçün ən son texnologiyalara çıxışa malik olmasının nə qədər vacib olduğunu "Şimal axını-2" layihəsi çərçivəsində tikinti işləri zamanı podratçı şirkətlərə qarşı sanksiyaların tətbiqi əhvalatı da göstərdi, çünki layihə üçün mürəkkəb texnoloji həlləri məhz Qərb təmin edirdi. Rusiya üçün Avropa İttifaqı (Aİ) ən iri ticarət partnyorudur. Ayrı-ayrı ölkələrə gəldikdə isə Rusiya ixracında da, idxalında da birinci yeri tutan Çindən sonra Rusiya ixracının həcminə görə növbəti yerləri Niderland və Almaniya tutur. İlk iyirmilikdə eləcə də İtaliya, Fransa, Finlandiya və Polşa da var.
Odur ki, Avropa İttifaqının Rusiyaya daha ciddi sansksiyalar tətbiqi Moskvanı ağır duruma sala bilər. Rusiya iqtisadiyyatı xaricə qaz və neft satışından yüksək dərəcədə asılıdır. Satışlar Kreml üçün böyük bir gəlir qaynağıdır. Qərb ölkələrin və şirkətlərin Qazprom və ya Rosneft kimi böyük rus enerji nəhənglərindən neft satın almağını qadağan edə bilər. ABŞ Prezidenti Bayden bu mövzuda "Sizə söz verirəm, bacaracağıq” deyib. Ancaq Rusiya qazı üzərindəki hər hansı bir məhdudiyyət böyük əksəriyyəti şərqdən gələn enerjidən asılı olan Avropada qiymətləri artıracaq. Lakin Qərb Rusiyanı iqtisadi baxımdan çökdürmək üçün bu amilə də göz yuma bilər.
Yəni söhbət Rusiyanın iqtisadi cəhətdən çökdürülməsi və diz üstə qoyulmasından gedir. Qərbdə hesab edirlər ki, Rusiyanın iqtisadi cəhətdən çöküşü Putinin də hakimiyyətinin çöküşü demək olacaq. Paralel olaraq da Rusiyada siyasi dəyişiklik modelləri üzərində də düşünülür. Ona görə də artıq indidən post-Putin dövrü barədə yazılar, şərhlər mediada yayılmaqdadır. Siyasi dəyişiklik modellərindən biri Putinə qarşı müəyyən qüvvələrin səfərbər edilməsi və müxalifətin fonunda müəyyən qüvvələrin Putin əleyhinə qaldırılmasıdır. Bir məxməri inqilab formasında fəaliyyətlərə lojistik dəstək verilməsi nəzərdə tutulub. Amma müxalifətin aktiv üzvləri sıradan çıxarıldığından bu plan hələ ki ilkin təşkil formasındadır. Qərbin planlarında daha çox Rusiyadakı xalqların fəallığının artması və onlarda mərkəzdənqaçma meyllərinin gücləndirilməsidir. Rusiyada 250-yə yaxın xalq və millət yaşayır. Bu xalqlardan müəyyən qisminin formal muxtariyyəti vilayət və ya respublika şəklində mövcuddur. Lakin adları dəyişik olsa da, demək olar ki, muxtariyyət forması çox aşağı səviyyəli və xalqların bir çox hüquqlarının tapdandığı bir formada mövcuddur. Moskva ilə Kazan arasında münasibətlərin gərginləşməsi bunu əyani surətdə təsdiq edir. Hətta millətçilər bir neçə ay bundan əvvəl Kazanda ”Tatarıstana müstəqillik" şüarı ilə aksiyalar keçirmişdilər. Tatarıstan Rusiyada müstəqillik uğrunda mübarizə aparan qüvvələrin mərkəzinə çevrilə bilər. Qərb yaxşı bilir ki, Rusiyada narazı xalqlar kifayət qədərdir və onlardan istifadə etmək mümkündür. Rusiyada yaşayan xalqlardan mübarizə vasitəsi kimi istifadə edilməsi Qərbin düşündüyü planlardan biridir. Bir sözlə, Rusiyanın gələcək taleyi ilə bağlı Qərbdə bir sıra planlar qurulur. Planlar tədricən işə düşə bilər. Planlara şübhəsiz, Putinin hakimiyyətinin dəyişdirilməsi də daxildir. Ona görə də artıq indidən post-Putin dövrü haqqında yazılanlar heç də əsassız deyil.
Yeni sanksiyalar təkcə Vladimir Putinin ortaqlarını deyil, eyni zamanda Rusiya rəhbəri özü də daxil olmaqla, ayrı-ayrı şəxsləri hədəf alır. Bu, böyük ehtimalla Ukraynaya qarşı düşmənçilik hərəkətlərinin cəzalandırılması, ya da suverenliyini və ya ərazi bütünlüyünü təhdid edənlərə qarşı bir sanksiya olaraq müəyyən ediləcək. Əlaqəli şəxslərin əmlaklarının dondurulması və səyahətlərinin qadağan olunması ən böyük ehtimallardır. Ancaq bu tip sanksiyaların çoxu onsuz da qüvvədədir və hələ Rusiyanın yanaşmasını dəyişdirməyib. ABŞ və avropalı qüvvələrin gözləntisi Rusiyanın elit təbəqəsinin xarici ölkələrdəki sərvətlərinə əllərinin çatmaması və övladların Qərb məktəblərində və universitetlərində oxutmasalar, Putinə təzyiq etməkləridir.
Lakin əgər Ukraynaya səfəri zamanı, məsələn, ABŞ prezidenti Bayden və yaxud Böyük Britaniya baş naziri Conson raket atəşi zamanı qətlə yetirilərsə, bu zman Qərb yalnız sanksiyalarla kifayətlənməyə bilər. Bu zaman Qərb kəşfiyyatının qarşısında yalnız bir məqsəd dayana bilər – Putinin fiziki cəhətdən aradan götürülməsi. Bu vəziyyətin tam dəyişməsi demək olardı...
Şərhlər