Aydın Səlimli
Kremlin gözləntilərinə rəğmən, artıq bir aya yaxın müddətdir ki, Ukrayna Rusiyanın hücumlarına ciddi müqavimət göstərir – bəli, Moskvanın düşündüyü kimi ildırımsürətli müharibə alınmadı. Ancaq Rusiya Ukrayna ilə yanaşı digər dövlətləri də müharibə ilə təhdid edir. Bəzi hallarda münaqişənin genişmiqyaslı format alacağı ilə bağlı da fikirlər səslənir.Ancaq hal-hazırda Rusiyanın hücumlarının daha geniş miqyas alaraq digər dövlətlərə də qarşı yönəlməsi ehtimalı hələ ki çox aşağıdır. Öncə qeyd edək ki, fevral ayının 3-də ABŞ və Rusiya nüvə silahı ehtiyatlarını məhdudlaşdıran müqavilənin müddətini 2026-cı ilə qədər uzatmaq barədə razılığa gəldilər. Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (Yeni START Müqaviləsi) Rusiya və ABŞ-ın qitələrarası raket və bombardmançı təyyarələrinə məhdudiyyətlər qoyur, lakin yeni silah növlərini əhatə etmir.
Həmçinin son həftələrdə NATO qüvvələrinin hava hücumundan müdafiə sistemlərini Şərqi Avropada gücləndirməkdə davam etməsi onu deməyə əsas verir ki, Rusiyanın üçüncü dünya müharibəsinə başlamaq şansları elə də böyük deyil, necə deyərlər, bu cür planların baş verməsi Rusiya üçün artıq gecdir.
Son dövrlərdə Rusiyanın özündə labüd dəyişikliklərin olması ilə bağlı ciddi bəyanatlar və çağırışlar heç də az səslənmir. Bu bəyanatların bir çoxunda xüsusilə Rusiyada hakimiyyət dəyişikliyinin önəmi vurğulanır.
Bəli, Vladimir Putin rejimini bu problemlərin bir çoxunun səbəbkarı saymaq olar, odur ki, Rusiyada labüd dəyişikliklər fonunda V.Putini elə bir şəxs əvəz edə bilər ki, o, Rusiyanın öz qoşunlarını digər qonşu dövlətlərdən çıxarmağa razılıq versin. Bəlkə də yaxın gələcəkdə biz bunları müşahidə etmiş olacağıq.
Digər tərəfdən, Qərb ölkələrinin Rusiyaya qarşı çox kəskin münasibəti olsa da, unutmaq olmaz ki, Qərb elə sanır, Rusiyada da hər bir şəxs öz istəyi ilə rəhbərliyə yüksəlir. Qərb ölkələrində bu, belədir, bacarıqlı şəxslər üçün istənilən vəzifəyə irəliləyiş mümkündür.
Ancaq post-soviet ölkələrini, xüsusilə Rusiyanı nəzərə alsaq, bunu demək çətindir. Bəli, Qərbə inteqrasiya etməmiş post-sovet ölkələri arasında Rusiyanı nisbətən uğurlu senari hesab etmək olardı.
Amma bu cür sistemin belə üzə çıxardığı ən uğurlu şəxs hələ ki prezident V.Putindir. O da öz siyasəti ucbatından kəskin sanksiyalarla və hər növ maneələrlə üzləşib. Hələ biz V.Putini bu cür sistemlərin ən öndə olanı hesab edə bilərik. Qeyd edək ki, post-soviet ölkələrinin bir çoxunda bənzər problemlər var. Burada L.N.Tolstoyun sözünü yada salmamaq olmur: bütün xoşbəxtliklər eyni cürdür, bütün bədbəxtliklərin isə hər birinin özünəməxsus xüsusiyyətləri var.
Bəli, bu ölkələrin bir çoxunu birləşdirən xüsusiyyətlərdən ən əsası onların Qərbə inteqrasiya etməməsi, arxaik siyasi dəyərlər və mentalitetlə yaşamasıdır, ayrı-ayrılıqda isə onların hər birinin öz özəllikləri və problemləri mövcuddur.
Şərhlər