Xəbər verdiyimiz kimi, 25 il Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsi tərəfindən başlanılmış cinayət işi üzrə məhkəmə Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Sabiq PA rəhbəri xüsusilə ağır cinayətlərdə ittiham olunur. Belə ki, Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
Qaynarinfo xəbər verir ki, Ağ Partiya sədri Tural Abbaslı Ramiz Mehdiyevin həbsinə münasibət bildirib. Qeyd edib ki, müxalifət partiyasının sədri olaraq, dövlətin atdığı addımları dəstəkləyir:
"Biz Ramiz Mehdiyev haqqında illərdir ki, danışırıq. Azərbaycanın iqtisadi, siyasi, dövlət idarəçiliyi baxımından indiki vəziyyətdə - neqativ anlamda olmasının baiskarı Ramiz Mehdiyevdir. Üstəlik, istər iqtidar-müxalifət münasibətlərinin formalaşması, xalq-müxalifət, bir sözlə, bu məsələlər arasında uçurum yaradan adamlardan biri də Ramiz Mehdiyevdir, uzun illər yeritdiyi siyasətdir. Aparat rəhbərliyindən gedəndən sonrakı fəaliyyəti də bu cür olub, buna xidmət edib. Göz qarşısındadır, hətta istefaya göndəriləndən sonra da hakimiyyəti zorla ələ keçirmə, saxlama, dövlətə xəyanət maddələrini ehtiva edən əməllər törədib. Həmişə qeyd eləmişik ki, o, burada "5-ci kolon”un rəhbərlərindən biridir”.
Partiya sədri vurğulayıb ki, indi əsas məsələ onun əlaltılarının, iş birlikçilərinin sürətli şəkildə ifşa olunması, aidiyyəti qurumlardan uzaqlaşdırılması və barələrində cinayət işi açılmasıdır:
"Düşünürəm ki, bunu yubatmaq olmaz. Burada dövlət təhlükəsizliyi məsələsi var. Ramiz Mehdiyev tək iqtidara, müxalifətə yox, o cümlədən dövlətə və dövlətçiliyə ziyan vura biləcək resurslara malik bir insandır. Hələlik cəmiyyətə informasiya az verilir. İstintaqda bilinəcək hər şey. Əmin olduğum şey budur ki, bir adam hakimiyyəti zorla ələ keçirmək maddəsi ilə ittiham olunursa, bunu təkbaşına edə bilməz. Bu, nə praktik, nə də siyasi olaraq mümkün deyil. Digər iş birlikçiləri tapılmalı, ifşa olunmalı, nəhayət, ictimaiyyət də məlumatlandırılmalıdır. Bu məsələdə, yəni dövlətə xəyanət maddəsi ilə ittiham olunan adamların ifşa olunmasında dövlətin atdığı addımları müxalifət olaraq dəstəkləyirik".
Maraqlıdır ki, Ramiz Mehdiyevin bütün bu əməlləri təkbaşına həyata keçirmədiyi fikrini digər ictimai-siyasi fəallar da dəstəkləyiblər.
Real Partiyasının sədri Natiq Cəfərli isə bildirib ki, dövlət çevrilişinə cəhdin iqtisadi, hərbi (hüquq mühafizə), media, məmur və siyasi ayaqları olur:
"Ümid edirəm ki, hökumət bunu bilir, Mehdiyevə belə ağır ittiham verilibsə, mütləq bu ayaqlar, Azərbaycandakı xırda, şimaldakı iri başa xidmət edən qulbeçələr də üzə çıxacaq - bu belə olmasa, çox qeyri-ciddi şərait yaranacaq, dövlət adlanan instituta xələl gələcək".
Partiya sədri bildirib ki, onu siyasi ayaq maraqlandırır:
"30 ildir müxalifət düzəldib gündəmdə saxladığı partiyalar, adamlar siyasi səhnəni necə zəhərlədiklərini görmüşük, bu xidmətçilər mütləq üzə çıxmalıdırlar. Onların Azərbaycana vurduqları ziyan, bu hökumətin gətirdiyi bəlalardan heç də az olmayıb. İllərdir sifarişlə rol alıb oynayıblar, bu oyunlar bitməlidir".
Vəkil Əkrəm Həsənov isə musavat.com saytına bildirib ki, 87 yaşlı Ramiz Mehdiyev təkbaşına dövlət çevrilişinə cəhd göstərə bilməz:
"Bu miqyasda addım üçün həm maliyyə, həm də güc lazımdır. Mehdiyevin ailəsinin milyonları, hətta milyardları var. Qalır güc amili. Azərbaycanda güc yalnız hüquq-mühafizə strukturlarındadır. Görünür, o, həmin qurumlardakı bəzi şəxslərin dəstəyinə ümid edib. Belə bir cəhdin arxasında xarici qüvvələrin dayanması da istisna deyil".
Qeyd edək ki, Ramiz Mehdiyev siyasi düşərgələrdə və mediada lobbiçilk fəlaliyyəti ilə seçilib. Bəzi mətbu orqanlar Ramiz Mehdiyevin Rusiya xüsusi xidmət orqanları ilə bağlı olduğunu iddia edirlər.
Siyasət şöbəsi
Şərhlər