"Görüşdə Rusiyanın edə biləcəyi güzəştlərin sərhədləri müəyyənləşdiriləcək və danışıqlar rəvan getməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri fevralın sonunda Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampla onun rusiyalı həmkarı Vladimir Putin arasında olacaq görüşü şərh edərkən deyib.
"Səudiyyə Ərəbistanında ilk olaraq ABŞ dövlət katibilə Rusiya XİN başçısının görüşü planlaşdırılır. Bu görüş isə iki ölkə prezidentlərinin həmin ölkədə görüşünə hazırlıq məqsədi daşıyır. Ukraynanın bu danışıqlarda hansısa nümayəndə heyətilə tərəf kimi iştirak edəcəyini isə düşünmürəm", deyə Natiq Miri bildirib.
Həmsöhbətimiz deyir ki, görüşdə Vaşinqton konkret olaraq Rusiyanın sülh şərtlərini dinləmək istəyir:
"Eyni zamanda, onun özünün də təqdim edəcəyi bəzi təklifləri var. Məhz, bu məsələlər müzakirə olunacaq. Rusiyanın müharibəni dayandırmaqdan əlavə başqa geosiyasi istəkləri də var. Kreml bu istəklərini Rusiyanın təhlükəsizliyi kimi qələmə verir. Bu isə sadəcə, Rusiyanı dövriyyəyə alan NATO ilə bağlı deyil. Moskva üçün müharibədən ölkənin kim olaraq çıxması önəmlidir. Rusiya qlobal səviyyədə vəziyyəti öz xeyrinə dəyişmək üçün qalib pozasında çıxmaq istəyir. Moskva iddia edir ki, onlar Qərb dünyası, NATO ilə müharibə aparırlar və onların qalib olması Ukrayna üzərində deyil, NATO üzərində qalibiyyət demək olacaq. Bu da o deməkdir ki, Rusiya perspektivdə yenidən güclənəndən sonra, Baltik ölkələri və Şərqi Avropaya yenidən hərbi təcavüz edə bilər".
Bu səbəbdən ekspert danışıqların asanlıqla başa gələcəyini düşünmür:
"Ukraynada birmənalı olaraq özünün təhlükəsizliyini şərt kimi qoyur. Çünki onun təhlükəsizliyinə real olaraq zəmanət verilməsə, prosesin heç bir nəticəsi olmayacaq. Kiyev həm də ən müasir silahlara malik güclü ordunun saxlanılmasında maraqlıdır. Zelenski 1,5 milyonluq qoşunun olması vacibliyini bəyan edib. Bunlar Ukrayna üçün müəyəyn təminatlar ola bilər".
Natiq Mirinin fikrincə, burada Avropa Birliyinin geosiyasi maraqları məsələsi də var:
"Münhen Təhlükəsizlik Konfransında Avropa İttifaqı ilə Tramp arasında ciddi çatların yarandığı üzə çıxdı. Aİ bu danışıqlarda iştirak etməsə də, əmin olun ki, onun da istək və maraqları həmin masada olacaq. Özü də Ukrayna vasitəsilə. Ola bilsin ki, Səudiyyədə Ukrayna nümayəndə heyəti iştirak etməsin, amma perspektivdə bu mütləqdir. Bir sözlə, sülh prosesini rahatlıqla başa çatdırmaq mümkün olmayacaq".
Qeyd edək ki, həftənin ikinci günü Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşü gözlənilir. Bu barədə "Axios" və "Kommersant" qəzetləri məlumat verib. Gözlənilir ki, görüşdə ABŞ tərəfini dövlət katibi Marko Rubio Trampın təhlükəsizlik üzrə müşaviri Maykl Uolts və Yaxın Şərq üzrə üxsusi nümayəndə Stiv Uitkoff təmsil edəcək.
Rusiya tərəfini isə XİN rəhbəri Sergey Lavrov, Putinin köməkçisi, Yuri Uşakov və xarici kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin təmsil etməlidir. Həmin görüşdən bir qədər sonra, yəni fevralın sonlarında isə Səudiyyədə Trampla Putin təkbətək görüşəcəklər.
Rüfət Sultan
Şərhlər