Xəbər lenti

Qatillər və qurbanlar, yaxud COP nədən fövqəladə əhəmiyyətlidir?
Ölkə 21:50 30.10.2024

Qatillər və qurbanlar, yaxud COP nədən fövqəladə əhəmiyyətlidir?

Mən, adətən, oxucuları rəqəmlərlə yormamağa çalışıram. Amma elə rəqəmlər var, quru deyil, canılıdır. Lap insan kimi. Az qala dil açıb danışır. Yox, sadəcə, danışmır, fəryad edir.


Hazırda dünyada hər il 8,7 milyon insan havanın çirkliliyindən ölür. 8,7 milyon canlı insan! Bu, az fərqlə Avstriyanın və ya İsveçrənin əhalisi qədər insan deməkdir.


Deməli, havanı çirkəndirənlər, daha doğrusu, zəhərləyənlər hər kimdirsə, hər il İsveçrə boyda bir cəmiyyətin qatili də onlardır. Dünyada bir ildə bütün müharibələrdə, silahlı münaqişələrdə həlak olanların, cinayət nəticəsində qətlə yetirilənlərin sayı bunun onda biri etmir.


Hər il qətlə yetirilən bu 8,7 milyon insanın qatillərini həbs etmək, zindana salmaq hələ heç kimin ağlına gəlməyib. Beynəlxalq Cinayət Məhkəməsinin tarixində, məhkəmə statistikasında belə hallar yoxdur ki, atmosferə atılan zəhərli qazların öldürücü dozasına görə hansısa dövlət və ya hökumət başçısı haqqında həbs qərarı çıxarıb, beynəlxalq axtarışa versin. Sizə belə bir fakt məlumdur?! Şəxsən mənə məlum deyil. Hərçənd qlobal səviyyədə ekosid və genosid gedir, amma cəzalanan hanı? Yoxdur.


Deməli, öz nəfəsində (öz nəfəsi ilə) boğulan bu 8,7 milyon insanın qatilləri azadlıqda (hətta yüksək vəzifələrdə!), qanları isə yerdə qalır.


Bizdə qlobal iqlim sammitinin anlamına vara bilməmiş adamlar var, deyirlər: "COP29 bizim nəyimizə gərəkdir?" və sair. Bəzi adamlar da var, hökumətdən narazıdır, məsələnin məğzini bilmir, sevinə-sevinə deyir: "Gördünüz, Norveç də gəlmədi!"


Norveçin gəlməməyinə sevinən kişi, hər il 8,7 milyon insanın arasında biz də varıq axı. Hamıdan var. Başqa sözlə, hamı var! Axı hardan bilə bilərsən ki, növbəti 8,7 milyonun içində sən olmayacaqsan?! Yaxud sənin əzizlərin, doğmaların olmayacaq?!


Doğmaları müharibələrə gedənlər göz yaşı tökür: "Gedib dönməmək də var!" Doğru. Amma insanları təkcə müharibələr təhdid etmir axı.


Hər yay hamı dənizdə boğulanlardan yana-yana danışır. Bəs bütün il boyu havadan boğulanlardan niyə danışmırıq?!


Daha doğrusu, Dünya danışır. Hər il COP-a yığışır, danışır. Ancaq özünü xilas etmək üçün bir qərara vara bilmir. Ya da bir qərar verirsə də, arxasında dura bilmir.


"Məsələn, 2009-cu ildə Kopenhagen şəhərində keçirilən COP 15 zamanı həmin vaxt ABŞ dövlət katibi postunu tutan Hillari Klinton inkişaf etmiş ölkələrin 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə iqlim adaptasiyası üçün 100 milyard dollar ayıracağını vəd etmişdi. Lakin bu məqsədə yalnız 2023-cü ildə böyük çətinliklə çatmaq mümkün oldu",- APA Analytcs-in təhlilində belə yazılıb. Məqalədə o da vurğulanıb ki,


İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) son hesabatına görə, "inkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı sərmayələr indidən 2030-cu ilə qədər 4-8 dəfə artırılmalı və ildə təqribən 2-3 trilyon dollara çatmalıdır. Digər yandan, BMT inkişaf etməkdə olan ölkələrə iqlim adaptasiyası və "yaşıl enerji”yə keçiddə kömək üçün 2030-cu ilə qədər 6 trilyon dollara qədər vəsait tələb olunduğunu bildirib".


Bu statistikanı oxuyuram və düşünürəm: 100 milyard dolları 15 ilə birtəhər ödəyən dövlət 2-3 trilyon dollardan öhdəsinə düşəni 7 ilə çatdıracaqmı?! Hər il 2-3 trilyon dollara çatana qədər olacaq rəqəmlər də az deyil axı. Amma inkişaf etmiş ölkələr üçün çox da deyil. Çünki inkişaf etmiş olmağın da bir bədəli var. Əgər inkişaf etmiş ölkələr səviyyəyə çatmaq, bu səviyyədə onillərlə qalmaq üçün sənaye qazları ilə atmosferi hamıdan çox çirkləndiriblərsə, kompensasiyasını da hamıdan çox ödəməlidirlər, elə deyilmi?!


Amma yox! İnkişaf etmişlər deyir ki, bu 2-3 trilyon dollar bölünsün, tutaq ki, 195 yerə, hamı bərabər məbləğdə ianə etsin.



Allah eşqinə, bu cür məntiq varmı?! Əgər belə bir məntiq varsa, onda ABŞ-ın üzərinə düşən öhdəlik qədər Kosta-Rika da pul ödəməlidir. Halbuki bu ölkə heç ordu saxlamaq gücündə deyil; özünün müdafiəsini həmin ABŞ-a həvalə edib. Yaxud Çinlə Çad, Böyük Britaniya ilə Benin, Fransa ilə Fici, Rusiya ilə Surinam, Hindistanla Şri-Lanka... eyni məbləğ ödəsin?!


Balaca bir ölkənin üzərinə, məsələn, 10 milyard dollarlıq öhdəlik qoyulacaqsa, bu ölkənin də heç dövlət büdcəsinin gəlirləri cəmi 10 milyard etmirsə, necə olsun?! Amma 10 yox, 100 milyardlar, məsələn, ABŞ və Çin kimi ölkələr üçün böyük yük deyil. Elə gözümüzün qarşısında o 100 milyardlar Ukraynadakı müharibəyə xərclənir. Hər gün daha çox insanın öldürülməsinə bu qədər pulu xərcləyənlər bəlkə əksini etsinlər: o milyardları, on milyardları, yüz milyardları daha çox insanın yaşamasına - həyatda qalmasına xərcləsinlər. Daha yaxşı olmazmı?!


Amma biz bunun əksini görürük. Hətta daha əvvəl də yazdığımız kimi, böyük-böyük ölkələr COP 29-dan yayınmaq üçün böyük-böyük bəhanələr də uydururlar. Bəhanələr cürbəcür olsa da, səbəb birdir: inkişaf etməkdə olan, inkişafdan qalmış ölkələrə kömək əli uzatmamaq, iqlim adaptasiya fonduna ianə etməmək, bir sözlə, Bəşəriyyət qarşısında, gələcək nəsillər qarşısında məsuliyyətdən qaçmaq istəyirlər.



O böyük, varlı ölkələrin öz daxlində vergi sisteminin fəlsəfəsinə baxaq. ABŞ-da, yaxud Fransada, məsələn, elə vergi mexanizmi tətbiq edilib ki, varlı daha çox vergi ödəyir, yoxsul az. Hətta ABŞ-da illik gəliri 200 min dolları ötməyən vergi ödəyicisinin ödənişi özünə geri qaytarılır. Məşhur aktyor, çox varlı olan Jerar Depardye çox vergi ödəməmək üçün Fransadan köçüb...


Yaxşı, COP 29 bundan fərqli bir şey tələb etmir ki! Həmin böyük dövlətlərin ədalətli hesab edib özündə tətbiq etdiyi qaydanı bir də təbiətin (və Özünün) xilası üçün Dünya miqyasında qəbul eləsin. Öz vətəndaşları üçün etdiyini Bəşəriyyət naminə etsin. Necə Amerikada varlı daha çox, yoxsul daha az vergi ödəyirsə, Dünya miqyasında iqlim fondu da o prinsiplə qurulsun: varlı dövlətlər daha çox ödəsin, yoxsul ölkələr daha az.


Amma, deyəsən, burda da özünüinkar var. Yenə də işin içərisinə siyasət qarışdı. Həm də yanlış olanı.


Çox eşitmişik, deyirlər, siyasət çirkli işdir. Amma mən deyirəm, yox, siyasət çirkli iş deyil. Çirkli adamların siyasəti?! Hə, o başqa məsələ. Dünya cəmiyyətinin havasını çirkləndirən siyasət təbiətinin havasına rəhm edəcək?! Amma etməsi lazım. Çünki bu havadan hamı nəfəs alır. Hamının övladları nəfəs alır. Elə deyilmi?!


Bu sual üzərində düşünürəm: belə çıxır ki, insan özü özünün qatilidir!


İqlim Dəyişmələri üzrə Ekspertlərin Hökumətlərarası Qrupunun hesabatlarında göstərilir ki, son 200 ildə iqlimin dəyişməsi təbii proseslərin deyil, təbiətə insan müdaxiləsinin nəticəsidir. Son 274 ildə atmosferdə toplanan karbon qazının miqdarı insan tarixinin 800 min ili ərzindəkindən çoxdur. Bu problemlərlə məşğul olan dünya alimlərinin 90 faizi eyni fikirdədir: günahkar insan özüdür.


Müasir insan özü həm qatil, həm də qurbandır. Qlobal iqlim sammitinin məqsədi İnsanı qatil və qurban olmaqdan xilas etməkdir. COP-un fəlsəfəsi budur. Fərqi yoxdur, o, Böyük Britaniya boyda neft-qaz ölkəsində keçirilir, yoxsa Azərbaycanda. Sammitin ev sahibi Almaniya Federativ Respublikası kimi klassik demokratiya olur, yaxud Birləşmiş Ərəb Əmirlikləri. İsveçrə Konfederasiyasıdır, ya Mərakeş Krallığı... Kimin monarxiya, kimin demokratiya, kimin teokratiya, avtokratiya... olması fərq etmir. Ona qalsa, 2000-ci ildə COP 6 keçirmiş Niderland da krallıq sayılır.


Bu sadaladığımız faktorlar önəmli deyil. COP beynəlxalq siyasi sammit deyil axı, Davos İqtisadi Forumu, yaxud Münhen Təhlükəsizlik Zirvəsi deyil ki, kimsə kiməsə görə iştirak etmək istəsin, ya istəməsin. Bu, iqlim konfransıdır. Hər il ən azı 8,7 milyon insanı ölümdən xilas etmək istəyənlərin konfransıdır. Özünün qatili olan qurbanların bir araya gəlib, bu qətliama son qoymaq yollarını aramaq istədiyi toplantıdır. Kim gəlmək istəmirsə, deməli, xilas etmək və xilas olmaq istəmir. Kimsə də buna sevinirsə... Nə isə...

 


Bahəddin Həzi, Bizimyol.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->