Xəbər lenti

Poroşenko ABŞ-da Ukraynaya zərər vurur: O, Respublikaçılara nəyi “xatırlatmağa” gedib?
Dünya 14:30 06.12.2024

Poroşenko ABŞ-da Ukraynaya zərər vurur: O, Respublikaçılara nəyi “xatırlatmağa” gedib?

Ukrayna xalq deputatı Petro Poroşenkonun ABŞ-a səfəri Ukraynaya mənfi təsir göstərir. 

Qaynarinfo xəbər verir ki, bu barədə siyasi ekspert Petro Oleşçuk bildirib. Onun sözlərinə görə, yeni seçilmiş prezident Donald Trampın komandası hələ də 2016-cı ildə Poroşenkonun rəhbərlik etdiyi keçmiş Ukrayna hakimiyyətinin ABŞ seçkilərinə müdaxiləsini və Poroşenkonun Respublikaçıların əsas rəqibi Hillari Klintona açıq dəstəyini xatırlayır.  

"Poroşenkonun hərəkətləri nəticəsində Ukrayna ABŞ-da seçkilərə müdaxilə skandalına qarışdı. Belə ki, ABŞ-da seçki kampaniyasının qızğın dövründə Ukrayna mediasına Regionlar Partiyasının "ambar dəftəri” sızdırıldı. Orada Trampın seçki qərargahının rəhbəri Pol Manafortun adı çəkilirdi. Bu, böyük qalmaqala səbəb oldu. Tramp, Manafortun qərargahdakı rəhbərlik vəzifəsindən uzaqlaşdırılmasına məcbur oldu, Manafort isə uzunmüddətli məhkəmə proseslərinə cəlb edildi. Ancaq Poroşenkonun hərəkətlərinin əsas zərəri Ukraynanın ABŞ-da seçkilərə müdaxilədə ittiham olunması idi", – Oleşçuk vurğulayıb.  

Ekspert əlavə edir ki, Ukrayna hakimiyyətinin ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı beynəlxalq qalmaqala baxmayaraq, Poroşenko Hillari Klintonun seçki kampaniyasının maliyyəçilərinin tədbirlərinə qatılmağa davam edirdi. Hətta ABŞ-da seçki dövründə Ukrayna adından şəxsən Klintonu dəstəkləməyə gedirdi.  

"Petro Alekseyeviç Hillari-Tramp arasında həlledici siyasi mübarizədən əvvəl, qalmaqaldan sonra ABŞ işlərinə qarışmaqdan çəkinmək əvəzinə, okeanın o tayına Hillari ilə görüşə getdi. O, amerikalılara Manafort, Tramp və qalmaqalı xatırlatdı. Aydındır ki, Tramp o zaman artıq Ukrayna lideri ilə görüşdən imtina etmişdi. ABŞ seçkilərinə müdaxilə kontekstində Poroşenkonun Ukraynaya vurduğu ziyanı qiymətləndirmək çətindir", – Oleşçuk yazır.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->