"Hesab edirəm ki, bu, reallıqdan uzaq məsələdir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Ermənistanın Avropa İttifaqı missiyasının formatını dəyişib, onların sərhəddə deyil, şəhərlərdəki ofislərdə yerləşdirəcəyilə bağlı mətbuatda gedən məlumatı şərh edərkən deyib.
"İrəvan hər zaman çalışıb ki, Qərbin hərbi missiyası da burada olsun. Qərb özü də buradakı hərbi missiya vasitəsilə Rusiyanın Ermənistandakı hərbi iştirakına son qoymağa çalışır. Rəsmi İrəvan yaxşı başa düşür ki, Qərb missiyası olmasa Rusiya əvvəlki funksiyalarını yerinə yetirməklə Ermənistanı yerində otuzduracaq. Bu səbəbdən Aİ missiyasının yalnız ofislərdə yerləşdirilməsi planı ola bilsin ki, müzakirə olunub, amma bütün hallarda ağlabatan variant deyil. Çünki həmin vəziyyətdə Aİ həmin missiyaya marağını itirəcək. Ofisdə oturub, Ermənistan hakimiyyət orqanlarının verdiyi məlumatlarla işləmək həm iqtisadi, həm də siyasi cəhətdən onlara sərfəli deyil. Onlar üçün sərhəddə yerləşmək daha vacibdir. Bu mənada İrəvan Aİ missiyasının fəaliyyətinin sərhəddə davam etdirilməsinə çalışacaq", deyə Qulamhüseyn Əlibəyli bildirib.
Həmsöhbətimizə görə, Ermənistan bu ideyanı gündəmə gətirməklə göstərmək istəyir ki, hakimiyyət təkcə Rusiyaya qarşı deyil, Qərbin də burada hərbi iştirakını qeyri-mümkün hesab edir:
"Bu mənada da həmin məlumatı ortaya atmaqla bir növ Azərbaycana qarşı yönəlmiş pozitiv addım kimi dəyərləndirmək istəyirlər. Yəni belə bir görüntü yaratmağa çalışırlar”.
Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, Emənistan hakimiyyəti Azərbaycanın tələb etdiyi "sərhəddəki xarici qüvvələrin çıxarılması” tələbini icra edəcək. "Hraparak" nəşrinin yazdığına görə, Ermənistan hakimiyyəti Bakının bu tələbini yerinə yetirmək üçün Aİ müşahidəçilərindən necə "xilas olmağın" variantlarını axtarır.
"Qərb missiyanın fəaliyyətini dayandırmaq istəmir. Ermənistan hakimiyyəti də kompromis variantla çıxış edib. Fevral ayında missiyanın müddəti bitdikdən sonra Ermənistan tərəfi vaxtın uzadılması ilə bağlı müraciət təqdim etməyəcək, əvəzində formatı dəyişdirməyi təklif edəcəklər. Bu təklifə görə müşahidəçilər Ermənistan-Azərbaycan sərhədində yox, İrəvanda, yaxud Cermukda (İstisu) və digər şəhərlərdəki ofislərdə işləyəcək, əlaqədar qurumlardan aldıqları məlumata görə sərhəddəki vəziyyəti izləyəcəklər", deyə nəşr iddia edir.
Rüfət Sultan
Şərhlər