Xəbər lenti

Nənələrin nəvə sevgisi ömrü uzadır (ARAŞDIRMA)
Dünya 08:45 16.04.2026

Nənələrin nəvə sevgisi ömrü uzadır (ARAŞDIRMA)

Nənələr nəvələri ilə öz övladlarından fərqli və daha emosional bir bağ qurur.
 
Qaynarinfo xəbər verir ki, ABŞ-ın Emori universitetində aparılan yeni araşdırmada 3–12 yaş arası ən azı bir bioloji nəvəsi olan təxminən 50 qadının beyin fəaliyyəti öyrənilib. İştirakçılara nəvələrinin, öz uşaqlarının, tanımadıqları uşaqların və böyüklərin şəkilləri göstərilib və onların beyin reaksiyaları funksional maqnit-rezonans tomoqrafiyası vasitəsilə ölçülüb.

Araşdırmanın nəticələri "Proceedings of the Royal Society B" jurnalında dərc olunub. Məlum olub ki, nənələr nəvələrinin şəkillərinə baxarkən beyində emosional empati ilə bağlı sahələr daha aktivləşir. Bu isə onların başqalarının hisslərini daha dərindən duymaq qabiliyyətinin gücləndiyini göstərir.

Eyni tədqiqat qrupu daha əvvəl atalar üzərində apardığı araşdırma ilə müqayisədə müəyyən edib ki, nənələrdə empati, motivasiya və mükafat hissi ilə bağlı beyin bölgələri daha güclü reaksiya verir.

Alimlər bu fenomeni "nənə hipotezi” ilə izah edir. Bu nəzəriyyəyə görə, insanlarda digər primatlardan fərqli olaraq, qadınlar reproduktiv dövrdən sonra da yaşayaraq növbəti nəslin böyüdülməsində iştirak edir. Bu isə həm ailə institutunu gücləndirir, həm də genlərin davamlılığını təmin edir.

"Evolution and Human Behavior" jurnalında dərc olunan digər araşdırma isə göstərir ki, nəvələrinə baxan nənə və babalar daha uzun yaşayır. Almaniyada aparılan tədqiqatda 70 yaşdan yuxarı 500-dən çox insanın məlumatları təhlil edilib. Nəticələrə görə, başqalarına qayğı göstərən yaşlıların ölüm riski 20 illik dövrdə daha aşağı olub. Xüsusilə nəvələrinə baxanların ölüm riski digərlərinə nisbətən 37% azdır.

Kembric Universitetinin alimlərinin araşdırmasına görə isə uşaqlarla birlikdə oyun oynamaq, kitab oxumaq və ya parkda vaxt keçirmək yaşlı insanlarda daha yaxşı əhval-ruhiyyə, güclü yaddaş və daha uzun ömürlə əlaqəlidir.

Mütəxəssislər bildirir ki, nənə və babalar bu proses vasitəsilə yalnız sevgi və qayğı göstərmir, həm də həyat təcrübəsini, ənənələri və dəyərləri yeni nəslə ötürürlər. Bu qarşılıqlı əlaqə həm uşaqlarda, həm də yaşlılarda mənsubiyyət və həyat mənası hissini gücləndirir.

Beləliklə, elmi araşdırmalar göstərir ki, nəsillərarası əlaqə yalnız uşaqlar üçün deyil, nənə və babalar üçün də faydalıdır. Bu münasibət həm sağlamlığa, həm də psixoloji rifaha müsbət təsir göstərir.
 
Günay
--> -->