NATO bazar ertəsi taktiki nüvə silahlarından istifadə ilə bağlı böyük təlimə başlayacaq. "İstənilən təhdidlərə qətiyyətli cavab verməyə hazır olmaq” təlimi Moskvanın nüvə ritorikasının növbəti dəfə sərtləşməsi fonunda həyata keçirilir. Rusiyanın nüvə təhdidləri Ukraynanın Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli Qərb raketlərindən istifadə etməsinin qarşısını almaq məqsədi daşıyır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press"
yazır.
NATO-nun baş katibi Mark Rütte bildirib ki, "Steadfast Noon” təlimi oktyabrın 14-də başlayacaq və təxminən iki həftə davam edəcək. Təlimlərə 13 ölkədən 2000 hərbçi, səkkiz baza və 60 təyyarə cəlb olunacaq; təlim zonası Belçika, Niderland, Böyük Britaniya və Şimal dənizini əhatə edəcək. "Steadfast Noon” təliminə nüvə başlıqları daşıya bilən bombardmançılar və qırıcılar cəlb olunacaq.
"Associated Press" xəbər verir ki, NATO nümayəndələrinin sözlərinə görə, bu barədə Moskva məlumatlandırılıb.
İllik "Steadfast Noon” təlimi 10 ildən artıqdır keçirilir. Bu dəfə təlim Vladimir Putin Rusiyanın nüvə doktrinasına dəyişiklikləri elan etdikdən qısa müddət sonra baş verəcək. Sentyabrın 25-də Təhlükəsizlik Şurasının iclasında Rusiya prezidenti nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətinin "təcavüzünün” Rusiyaya birgə hücumu kimi qiymətləndirilməsi haqqında müddəanın müəyyən edilməsini təklif edib. Putin həmçinin Rusiyadakı hədəflərə qarşı strateji aviasiya, qanadlı raketlər, hipersəs aparatlar və pilotsuz uçuş aparatları kimi aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması ilə bağlı "etibarlı məlumat” alınarsa, nüvə silahından istifadənin mümkünlüyünə aydınlıq gətirməyi təklif edib. Bu cür ifadələr nəzəri cəhətdən Qərb müttəfiqlərinin köməyi ilə özünü Rusiyanın təcavüzündən müdafiə edən Ukraynanın hərəkətlərini əhatə edir.
NATO baş katibinin müdafiə siyasəti və planlaşdırma üzrə köməkçisi Anqus Lepsli bildirib ki, "Steadfast Noon” təliminin məqsədi alyansın öz üzvlərinə qarşı istənilən təhlükəyə duruş gətirməyə qadir olduğunu göstərməkdir və "istənilən rəqib buna son dərəcə ciddi yanaşmalıdır”.
Onun sözlərinə görə, NATO Şimali Koreya və İranın nüvə proqramlarını, Çinin nüvə imkanlarının sürətlə genişlənməsini izləyir, "lakin aydındır ki, bizim ən böyük narahatlığımız Rusiyadır" deyə izah edib. Son iki il ərzində Moskva öz nüvə qüvvələrinə "artan” sərmayələr qoyur, "bir çox yeni sistemlər tətbiq edir və yaxın və orta mənzilli sistemlərə investisiyalara daha çox diqqət yetirir”. Lepsli deyib ki, Rusiya "nüvə doktrinası haqqında çox danışır”, bu, Ukraynanı dəstəkləməyə gəldikdə "bizə təsir etmək üçün olduqca aydın cəhddir”.
Nizami Bağırov
Şərhlər