Xəbər lenti

Moskva Kiyevlə danışıqlara hazırdır? (ŞƏRH)
Dünya 16:06 29.12.2024

Moskva Kiyevlə danışıqlara hazırdır? (ŞƏRH)

"Təklif olunan şərtlər Rusiyanın səmimi olmadığı və əslində sülh danışıqlarından imtina etməsinin göstəricisidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiya XİN rəhbəri Sergey Lavrovun Kremlin yerlərdəki real vəziyyəti nəzərə almaqla Ukrayna münaqişəsinin həlli üçün danışıqlara hazır olduğu barədə bəyanatını şərh edərkən deyib.

"Rusiya xarici işlər naziri Sergey Lavrov özü də yaxşı bilir ki, Kremlin Ukrayna müharibəsində danışıqlara başlamaq üçün tədqim etdiyi variant Kiyevlə Moskva arasında sülh üçün real və alternativsiz həll variantı deyil. Ukrayna tərəfi Rusiyanın bu mövqeyilə çoxdan tanışdır. Məsələ ilə bağlı Kiyevin prinsipial mövqeyi odur ki, müharibənin sülh yolu ilə həlli dövlətlərin BMT tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində öz əksini tapmalıdır", deyə Taleh Əliyev bildirib.
 


Həmsöhbətimiz hesab edir ki, bu, Rusiya tərəfi üçün də o qədər əlverişli variant deyil:

"Çünki hazırda Rusiyanın Kursk vilayətinin bir hissəsi Ukraynanın nəzarəti altındadır. Yerlərdəki real vəziyyət nəzərə alınacaqsa, Kurskun Ukraynanın hazırda nəzarətində olan əraziləri də Kiyevin əlində qalmalıdır. Amma bütövlükdə daha çox işğal olunan ərazi Ukrayna ərazisi olduğundan Kiyevin belə bir ərazi mübadiləsinə razılıq verəcəyini düşünmürəm".

Ekspert qeyd edir ki, deyilən bu şərtlər daxilində Rusiya ilə Ukrayna arasında sülh danışıqları real görünmür:

"Rusiya XİN rəhbərinin belə bir açıqlaması sadəcə olaraq, ölkəsinin sülhdən yana olduğu görüntüsünü yaratmaqdır. Amma təklif olunan şərtlər sülh məsələsində Rusiyanın səmimi olmadığını göstərir". 

Qeyd edək ki, Rusiya XİN rəhbəri Ukrayna ilə danışıqların şərtini açıqlayıb: "Rusiya hakimiyyəti Ukraynadakı münaqişənin həlli üçün danışıqlara hazırdır, lakin onlar yerlərdə real vəziyyəti nəzərə almalıdırlar. Biz danışıqlara hazırıq, lakin onlar Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa və yerlərdə real vəziyyəti nəzərə almağa yönəldilməlidir".

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->