Xəbər lenti

Meyitlərin yandırılması üçün xüsusi mərkəzlərə ehtiyac varmı? (ŞƏRH)
Ölkə 17:00 03.02.2025

Meyitlərin yandırılması üçün xüsusi mərkəzlərə ehtiyac varmı? (ŞƏRH)

Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılması təklifi ciddi müzakirələrə səbəb olub. Belə bir təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edib. Deputat bildirib ki, belə bir mərkəzin yaradılması dini etiqad azadlığının tələblərinə cavab verir:

"Azərbaycan dünyəvi dövlətdir. Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitlərin yandırılması üçün xüsusi mərkəzlər yaradılmalıdır. Bu, ona görə edilməlidir ki, gələcəkdə hansısa etiqad nümayəndəsinin belə arzusu olduqda, bu, qanuna istinadən tənzimlənsin".

Ceyhun Məmmədovun bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi ekspertlər hesab edirlər ki, əgər meyit yandırmaq dini etiqad azadlığı ilə əsaslandırılırsa, o zaman yas mərasimlərində ehsan verilməsinə inzibati müdaxilələr də yolverilməzdir.

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan ilahiyyatçı Elşad Miri əvvəlcə cənazə rituallarına toxunub. Onun sözlərinə görə, İslam dinində insanların dəfn edilməsi, basdırılması, yandırılması ilə bağlı konkret bir əmr yoxdur:

"Çünki İslam dininin yeganə mənbəyi Qurandır. İnsanların dəfn edilməsi vacibliyini vurğulayanlar bunu "Maidə" sürəsinin 31-ci ayəsi ilə əsaslandırırlar. Bu ayəni təfsir edən bəziləri bildirirlər ki, guya, bu ayə Habil və Qabil barəsindədir. İnsanlıq, bəşəriyyət həqiqətənmi bir qarğadan cəsədin necə dəfn edildiyini öyrənib. Bu, doğru yanaşma deyil, bəzən isə tərcümə xətasına fikir vermədən insanlar fikir bildirir".
 

 
Ekspert vurğulayıb ki, Azərbaycanda faktiki olaraq, məsələn, buddizmə mənsub insanlar var. Bu insanlar vəfat edən zaman onların adət-ənənəsi yandırılma tələb edilə bilər:

"Onlar basdırılmalarını istəmirlər. Biz müsəlman ölkəsində yaşadığımıza görə mütləq bunların basdırılmasını tələb edə bilərik? Yox".

Elşad Miri əlavə edib bu, bu, multikulturalizmə zidd olan məsələdir:

"Məsələnin digər tərəfi də var. İnsan vəfat edəndən sonra onun dəfn edilməsi adət-ənənədir. Bu ənənədən kənara çıxa bilmirik. Amma bir insan dənizdə batıbsa, okeanda qərq olubsa və cəsədi tapılmırsa, balıqlara yem olursa, onunla bağlı dəfn mərasimi bizim hazırkı adətimiz kimi həyata keçiriləcək? Təbii ki, xeyr. Yaxud da bir insan yanıb və kül olub. Bununla bağlı nə etmək olar? Yenə də əldən heç bir şey gəlmir. Digər bir məsələ, dəfnin üzərindən bir müddət keçəndən sonra nəvə, nəticə, kötücə həmin vəfat edən insanı ziyarət edirmi? Qəbirləri ilə hər hansı abadlıq işləri aparırlarmı? Xeyr. Ona görə İslam dinində belə bir əmr, buyruq yoxdur. Yəni istəyən istədiyi şəkildə bunu həyata keçirə bilər".

Elşad Miri bildirib ki, İslam dininin əsa məqsədi insanların həyatda ikən necə yaşamağıdır:

"Əsas odur ki, əməllərimizi düzgün şəkildə həyata keçirək. İnsanlara və insanlığa əlimizdən və dilimizdən heç bir zərər gəlməməlidir. Məsələn, mən Nepal və Hindistanda olarkən meyitlərin yandırılması prosesində iştirak etmişəm. Bunun həyata keçirilməsi üçün müxtəlif odunlardan istifadə olunmasının şahidi olmuşam. Bu da bir prosesdir. Bunun səhv olmasını iddia edə bilmərik. Amma dediyim kimi, İslam dininin yeganə mənbəyi olan Quranın bizə bununla bağlı xüsusi bir əmri yoxdur".

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->