Xəbər lenti

Mən bunu deməklə heç nə düzəlmir... -
İdman 16:31 26.12.2022

Mən bunu deməklə heç nə düzəlmir... - "Qəbələ”nin baş məşqçisi ilə müsahibə

"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev komandasının fasiləyə qədər olan çıxışını dəyərləndirib. 

Mütəxəssis Qaynarinfo-ya müsahibəsində mövsümlə bağlı planlardan, komandada etmək istədiyi dəyişikliklərdən danışıb. 

- Artıq mövsümün yarısı geridə qalıb və qış fasiləsinə hazırlıq başlayıb. 18 turu necə analiz edərdiniz?

- Komanda meydançada hər oyun ən yaxşısını etməyə çalışırdı. Oyunlar var idi, xallar itirdik. Çoxsaylı qol vəziyyətləri yaratsaq da, dəyərləndirməkdə çətinlik çəkirdik. Ümumi götürdükdə, komanda verilən tapşırığı yerinə yetirirdi. Bunu hər oyunda hiss edirdim. Qol vəziyyətərini boşa verəndə xallar itirirdik ki, bu da futbolda qaçılmazdır. Lakin hələ "artırmaq” imkanımız, potensialımız var. Bu, komandanın maksimumu deyil. İnanıram ki, qış fasiləsindən sonra oyun baxımından daha da inkişafda olacağıq.

- 18 turdan sonra "Qəbələ” siz gözlədiyiniz mövqedədirmi?

- İnandırım sizi, heç belə gözləntilərim yox idi. Hər şeydən öncə məni düşündürən komandanın oyun planında inkişafda olmasıdır. Bundan sonra nəticələr də gələcək.

- Komanda son bir neçə turdur ki, qeyri-sabit oyun sərgiləyir. Bunu nə ilə əlaqələndirmək mümkündür?

- Epizodları dəyərləndirə bilmirdik. Nəticədə oyun heç-heçə, yaxud məğlubiyyətlə bitirdi. Əlbəttə, futbolda fürsətləri yaxalamalısan ki qələbəyə yaxın olasan. Hətta eniş olanda belə komanda oyun planında yaxşı görünürdü. 

- Mövsüm ərzində oyunlarda hakimliklə, xüsusən VAR-la bağlı narazılıqlar çox eşitdik. Sizin fikirləriniz necədir? Hansısa oyunda komandanıza qarşı hər hansı soyuqluq hiss etmisiniz?

- Xeyr, heç bunun üzərində dayanmağı da düşünmürük. Dünya çempionatında da VAR-la bağlı mübahisələr yaranırdı. Buna cavabdeh olan qurum var. İnanıram ki, ədalətli qərarlarla komandalara dəstək olacaqlar. Hər şeyi kənara qoyub yalnız hakimlik barəsində danışsam, komandama qarşı ədalətsizlik olar. Daha çox özümüzü düşünürük. Yaxşı olmalıyıq ki, maneələrlə qarşılaşmayaq. 

- Kubokda yolunuza davam etməklə yanaşı, ölkə çempionatında avrokuboklara vəsiqə verən yerlərdən elə də uzaq deyilsiniz. Bu yolda əsas rəqibləriniz olan "Zirə” "Sabah” və "Neftçi”nin son bir neçə turdakı çıxışları ilə bağlı hansı fikirdəsiniz?

- Sadaladığınız rəqiblərin çıxışı barədə fikir bildirmək istəməzdim. Mənə komandamın daha da inkişaf etməsi düşündürür, nəinki rəqiblərin hansısa üstünlüyü. Daha çox öz üzərimizdə dayanırıq. Önəmlisi odur ki, biz necə olacağıq?

- Klubun məhdud büdcəsini nəzərə alsaq, qış fasiləsi ilə bağlı hansı planlarınız var? Komandada böyük dəyişikliklər gözlənilir?

- Xeyr, büdcə ilə bağlı qeyd etdiniz. Bu səbəbdən komandadan kimisə ayrılmağı heç gündəmdə də deyil. Büdcə genişlənəcəksə, bəzi mövqeləri doldurmaq önəmlidir. Büdcədə pul olmayandan sonra neçə futbolçu almaq istəməyimi deməklə heç nə düzəlmir. Əlbəttə, oyunçu sayının artq olmasını istəyərdim. 

- "Qəbələ”nin ehtiyat oyunçular skamyası həqiqətən çox kasaddır?

- Bəzi oyunlarda 3 dəyişiklik etməyə imkanımız olurdu. Əlbəttə, ehtiyat qüvvə geniş olmalıdır. Çünki mövsüm uzundur, cəzalı, zədəli futbolçular olacaq. Ona görə də geniş ehtiyat qüvvə daha yaxşı olardı. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->