"Bazar qiymətlərinə müdaxiləni doğru hesab etmirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli alkoqollu içkilərin satışının məhdudlaşdırılması ilə bağlı parlamendəki müzakirələri şərh edərkən deyib.
Ekspert bildirib ki, belə yanaşma bazara birbaşa müdaxilədir:
"Standartlara uyğun olmayan məhsulu buraxan, lisenziyasız fəaliyyətlə məşğul sexlərin fəaliyyətini tənzimləmək vacibdir. Lakin bazara diqtə etmək yolverilməzdir. Spirtli içkilərə minimum qiymət təyin olunmasını yanlış hesab edirəm. Bazar iqtisadiyyatı şəraitində belə bir qanunun qəbulu düzgün deyil. Əslində məhsulların standartları, qanunsuz sexlərin qarşısının alınması, pərakənddə ticarətdə mağazaların bu cür sexlərdən məhsul almaması, sənədlərin saxtalaşdırılmasının qarşısının alınması və s. bunların qarşısını almaqdansa, rahat yol məhsula qiymət təyin etmək, yəni "bundan ucuz sata bilməzsən" demək sual yaradır. Məhsulun qiymətinə müdaxilə etmək səhv qərardır".
Ekspert bu qərarın qəbulunun əsas məqsədini açıqlayıb:
"Komitə sədrinin dediyindən belə başa düşülür ki, spirtli içkilərin aşağı qiyməti təyin olunacaq və ondan aşağı heç kim sata bilməyəcək. Burada məqsəd ondan ibarətdir ki, vətəndaşlar ucuz spirtli içkilərə qaçırlar. Ucuz spirtli içkilər sexlərdə istehsal olunur. İdxalçılar ucuz məhsul təqdim edə bilmir. Sexlərin həm standartları yoxdur, həm də qanunsuz sahibkarlıq fəaliyyətidir. Buna görə də məhsulu ucuz təqdim edə bilirlər. Sexlərin ən böyük üstünlüyü ucuz satışdır".
Xalid Kərimli qeyd edib ki, minumum qiymət təyin etməklə hökumət qanunsuz sahibkarlığa müdaxilə etmək istəyirsə bu doğru deyil:
"Saxta içkilər baha da satılsa, əhalinin səhhətinə ziyandır. Bu absurd məsələdir ki, guya biz minumum qiymətlə istehlakçıların hüquqlarını müdafiə edirik. Bu məsələ ilə saxta sexlərin qarşısı alınır. Əksinə bu tip qiymətlərə müdaxilə qanunları şərab və digər spirtli içkilərin biznesi üçün əlverişli şərait yaradır".
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı müzakirədə bildirib ki, alkoqollu içkilərin satışı məhdudlaşdırıla bilər. "Bundan başqa, keyfiyyətsiz alkoqol istehlakına görə yaranan xəstəliklər beləliklə azala bilər. Çünki keyfiyyətsiz alkoqollu içkilərin insanda hansı xstəlikləri yaratdığı məlumdur. Daxili bazarda sağlam, haqlı rəqabət aparmaq baxımından da bu layihənin qəbulu müsbət nəticə əldə olunmasına gətirib çıxaracaq”, deyə Azər Əmiraslanov bildirib.
Bahar Rüstəmli
Şərhlər