Xəbər lenti

Katolik rahibə ən qəddar mafiyalardan birinə işləyirmiş
Dünya 23:11 07.12.2024

Katolik rahibə ən qəddar mafiyalardan birinə işləyirmiş

İtaliyada katolik rahibə Anna Donnelli mafiyaya işləməkdə şübhəli bilinərək həbs edilib.

Qaynarinfo bu barədə İtaliyanın "Il Messaggero" qəzetinə istinadən xəbər verir.

Xeyriyyə bacılarının katolik ordeninin üzvü olan Anna Donnelli Milanın San Vittore həbsxanasındakı işi ilə tanınır. O, 2010-cu ildən məhbuslara dəstək olur, hətta məhkumlardan ibarət futbol komandalarının oyunlarına hakimlik edib.

Son zamanlar rahibə İtaliyanın ən güclü və qəddar cinayət təşkilatı sayılan Kalabriya mafiyası "Ndrangheta"nın üzvlərinə xüsusi diqqət yetirib. Anna həm həbsxana daxilində, həm də xaricdə mafiozlara mesajlar ötürməkdə və bununla da onların fəaliyyətlərini, o cümlədən qəsb, silah və narkotik alveri, kredit alveri, vergi cinayətləri və çirkli pulların yuyulmasını dəstəkləməkdə şübhəli bilinir.

"Il Messaggero" qəzetinə görə, "Ndrangheta "üzvlərindən birinin verdiyi açıqlamada şübhələr təsdiqlənib. O, Anna Donnellinin "onlardan biri" olduğunu iddia edib. Onun sözlərinə görə, mafiozlara həbsxanada nəsə lazımdırsa, onlar rahibəyə müraciət edirlər.

Prokurorların fikrincə, Anna "Ndrangheta Tripodi klanı"na qeyri-qanuni maliyyə gəlirləri əldə etməyə və qrupun əməliyyat imkanlarını və cinayət reputasiyasını saxlamağa və gücləndirməyə kömək edib.

"Ndrangheta"nın İtaliyanın şimal qanadına qarşı keçirilən əməliyyat zamanı rahibədən başqa daha 24 şübhəli həbs edilib. Onların arasında əvvəllər siyasi fəaliyyətlə məşğul olan Covanni Acri və Mauro Qaleazi də var.

İxtisasca həkim olan Acri Breşiya şəhər şurasının üzvü olub. Şimal Liqasını təmsil edən Qaleazii korrupsiya şübhəsi ilə Kastel Mella kommunasında vəzifəsini itirib. Sonradan o, bəraət qazanıb, lakin iddiaya görə, klan ona mer seçkilərində səslərin alınmasını təşkil etməyi təklif edib.

Məhkəmə Anna Donnellini ev dustaqlığına buraxıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->