Kanadanın Toronto şəhərində fəaliyyət göstərən "Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təsis edilməsinin 10-cu ildönümü münasibətilə ilk dəfə olaraq Ontario Qanunvericilik Assambleyasında "Azərbaycan İrs Günü” keçirilib
Kanada və Azərbaycan Respublikasının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan tədbirin moderatoru Kanadanın keçmiş Multikulturalizm və Vətəndaşlıq naziri Toni Ruprext "Vətən” təşkilatının Azərbaycanın zəngin tarixi-mədəni irsinin, adət-ənənələrinin Kanadada təbliği istiqamətində əvəzsiz rol oynadığını qeyd etmişdir. Dəfələrlə sözügedən təşkilatın tədbirlərində iştirak etdiyini vurğulayan sabiq nazir hər dəfə bu tədbirlərdə Azərbaycanla bağlı yeni və maraqlı məlumatlar öyrəndiyini bildirib.
Daha sonra mərkəzin rəhbəri Lalin Həsənova qonaqlara tədbirdə iştirakları ilə bağlı minnətdarlığını bildirmiş və rəhbəri olduğu təşkilatın yaranma tarixindən danışmışdır. Lalin Həsənova: "Biz elə bir ölkədə məskunlaşmışıq ki, kanadalı olsaq da, köklərimizə bağlılığımızı itirməmək üçün bu ölkədə bizə hərtərəfli imkanlar yaradılıb və biz də bunu dəyərləndiririk”, - deyə nitqində qeyd edib. O, eyni zamanda Toronto şəhərində Kanada Azərbaycan Evinin fəaliyyət göstərdiyini də diqqətə çatdırıb.
Tədbirdə iştirak edən Ontario parlamentinin millət vəkilləri (MPPs) Rudy Cuzzetto (Rudi Kuzetto), Mohamed Firin (Mohamed Firin), Michael Tibbolo (Maykl Tibbolo), Sheref Sabavi (Şerif Sabavi), Kris Glover (Kris Qlover), Jamie Vest (Ceymi Vest), Kristin Vong-Tam (Kristin Vonq-Tam), Stefani Bouman (Stefani Buman), Andrea Hazell (Andrea Hezel) çıxış edərək "Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin Azərbaycan adına Kanadada böyük işlər gördüyünü və məhz bu cəmiyyətin sayəsində Azərbaycan mədəniyyəti haqqında dolğun məlumat əldə etdiklərini bildirib.
Kanadada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən "Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin rəqs və nağara qruplarının ifaları davamlı alqışlarlarla qarşılanıb.
Rəqs müəllimi, peşəkar rəqqas Orxan İslamov və nağara müəllimi Cəmhur Hüseynov gənclərə Azərbaycan mədəniyyətinin incəliklərini öyrədirlər. Günel İsmayılovanın piano müşayiəti ilə "Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının rəhbəri Şervin Şadpurun ifasında səsləndirilən "Vətən” mahnısı tədbirə xüsusi ahəng qatıb.
Tədbirdə Kanada rəsmiləri və icma üzvləri ilə birlikdə, Türkiye, Özbəkistan,Başqırdıstan,Krım Tatarları və Türkmənistan türk xalqlarının icma rəhbərləri də iştirak edib.
Qeyd edək ki, Ontario Qanunvericilik Assamleyasında keçirilən iclas zamanı Ontario əyalət deputatı (MPP) Andrea Hezel Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin 10 illik yubiley tədbirini bütün əyalət parlament üzvlərinin qarşısında xüsusi olaraq elan etmiş və Lalin Həsənovaya təbrik bəyannaməsini şəxsən təqdim etmişdir. Sözügedən tədbirinin ərsəyə gəlməsində xüsusi rola malik Andrea Hezel bu haqda öz sosial şəbəkə hesabında paylaşım edib.
Sonda isə qonaqlar Azərbaycan mətbəxinin ləziz yeməkləri və çay süfrəsi arxasında söhbətlərinə davam edib.
Qeyd edək ki, 10 il bundan əvvəl təsis edilmiş "Vətən” İncəsənət və Mədəniyyət Mərkəzi yalnız Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaqla kifayətlənməyir, xalqımızın milli dəyərlərini yaşatmaq, vətəndən uzaqda böyüyən yeni nəsillərə ötürmək, eyni zamanda Azərbaycanın haqq səsini Kanadada çatdırmaq məqsədilə yorulmadan çalışır.
Şərhlər