"ŞƏT formatında Türkiyə, Azərbaycan və Ermənistan liderlərin görüşü yaxın gələcəkdə Ankara ilə İrəvan arasında münasibətlərin normallaşacağı və onun ardınca bu üç ölkənin iştirakı ilə yeni bir üçtərəfli formatın təsis olunacağnın mesajıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Çində baş tutan ŞƏT sammiti fonunda Azərbaycan Prezidenti İlham Əliyevin digər ölkə liderlərilə keçirdiyi görüşləri şərh edərkən deyib.
"Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin zirvə toplantısı çərçivəsində Azərbaycan dövlət başçısı İlham Əliyevin istər dövlət və hökumət başçıları, istərsə də, Çinin mühüm texnologiya şirkət rəhbərlərilə keçirdiyi görüşlər kifayət qədər məhsuldar görüşlər idi. Səfərin ilk günü ölkə başçımızın da iştirakı etdiyi ikitərəfli və çoxtərəfli görüşlər əhəmiyyətli və yadda qalan olmaqla yanaşı, zəngin olması ilə də seçildi", deyə ekspert bildirib.
Politoloqun fikrincə, bu görüşlərdə ölkəmiz üçün maraqlı olan siyasi gəlişmələrdən biri də Ermənistanla Pakistan arasında diplomatik münasibətlərin qurulması istiqamətində əldə olunan razılaşmadır:
"Bir məsələni özümüz üçün yəqinləşdirməliyik ki, Ermənistanın Azərbaycana dost və müttəfiq ölkələrlə əlaqə qurması strateji olaraq ölkəmizin də dövlət maraqlarına cavab verir. İrəvan nə qədər ki, Azərbaycana yaxşı münasibət bəsləməyən ölkələrin əhatə dairəsində olacaq, hər zaman həmin dövlətlərin Bakıya qarşı təzyiq və təsir vasitəsinə çevriləcək. Bu baxımdan, Ermənistanın Azərbaycanla münasibətləri normal olmayan ölkələrin əhatə dairəsində qalmasındansa, ölkəmizin sınaqdan çıxmış müttəfiq ölkələrilə, Pakistan və Türkiyə ilə münasibət qurması hərtərəfli olaraq dövlətimizin xeyrinədir. Onun baş verməsi həmçinin regionda sülhün davamlılığı və təhlükəsizliyin təmini üçün də mühüm töhfə olacaq. Bununla Ermənistandakı şovinist, radikal qüvvələrin Azərbaycan və Türkiyə əleyhinə apardıqları təbliğatın iflasa uğrayacağının da şahidi olacağıq".
Qeyd edək ki, Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı ərəfəsində bura səfərə gələn əksər dövlətlərin başçıları bir-birilə çoxsaylı görüşlər keçiriblər. Azərbaycan Prezidenti İlham Əliyev də səfər çərçivəsində bir sıra görüşlər keçirib. İlham Əliyev həm Çin lideri Si Szinpinlə görüşüb, həm də onun ayaqüstü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan baş naziri Nikol Paşinyanla da üçtərəfli təmasları olub. Bundan başqa məhz Çində Pakistan Ermənsitanla diplomatik münasibətlərin əsasını qoydu. Bu əsasda gözləniləndir ki, yaxın zamanlarda Türkiyə ilə Ermənistan arasında da yaxınlaşma baş versin.
Rüfət Sultan
Şərhlər