"Tehran Azərbaycanla münasibətlərə əngəl olmaq istəyən dairələrin fəaliyyətlərinin qarşısını almalıdır".
"Rəsmi Tehran Azərbaycanla münasibətlərin inkişafına əngəl olmaq istəyən dairələrin fəaliyyətlərinin qarşısını almalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İranda bəzi qüvvələrin anti-Azərbaycan əhval-ruhiyyəni qızışdırmaqda davam etməsini şərh edərkən deyib.
Azər Hüseynov bildirib ki, Azərbaycan dövlət başçısına qarşı hər hansı bir təhqiramiz ifadələr işlədilməsi qətiyyətlə pislənməlidir:
"Ona görə Azərbaycan Respublikasının müvafiq qurumlarının hərəkətə keçməsi təqdirəlayiqdir. Tehran rejimi unutmamalıdırlar ki, hazırda öz dövlətlərinin vəziyyəti heç də yaxşı deyil. Qarşıda Tramp dövrü gəlir. Tramp İranı sevmir. İrana qarşı daha sərt davranmaq fikrindədir. Eyni zamanda, İran Yaxın Şərqdə mövqelərini itirib. Belə bir durumda Azərbaycanla münasibətlərinə fikir verməli, qarşılıqlı ünsiyyətin daha da yaxşılaşdırılması istiqamətində işlər görməlidir".
Ekspert qeyd edib ki, region ölkələri olaraq bir-birimizə geosiyasi, iqtisadi, insani ehtiyac duyuruq:
"Son dövrlər İran-Azərbaycan əlaqələrində xeyli irəliləyişlər əldə olunub. Hətta Azərbaycan və İran arasında birgə hərbi təlimlər də keçirildi. Bütün bunlar hər iki tərəfdən yüksək qiymətləndirilib".
Politoloq hesab edir ki, İran rəhbərliyi Azərbaycan ilə münasibətlərin qorunmasında maraqlı olmalıdır:
"Ola bilər ki, İranda müəyyən dairələr Azərbaycan ilə münasibətlərin inkişafına mənfi təsir etmək istəyir. İran həmin dairələrin neqativ fəaliyyətinin qarşısının alınması istiqamətində çalışmalıdır. Əks halda, bu, Ermənistanın maraqlarına xidmət edəcək. Ermənistan isə son zamanlar İrana artıq əvvəlki kimi sığınacaq olaraq baxmır və diqqətini tam başqa istiqamətə yönəldib".
Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə XİN məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı ötən ilin 29 dekabrında Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib. Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb. Həmçinin İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələr qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib. Bu kimi hərəkətlərin nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunmaqla yanaşı, belə təxribatlara son qoyulması tələb olunub.
Rüfət Sultan
Şərhlər