Xəbər lenti

Elmar Baxşıyevə şans verilsin, verilməsin?
Səbuhi Həsənov
İdman 16:43 28.08.2023

Elmar Baxşıyevə şans verilsin, verilməsin?

Türkiyə futbolunda bir çox halda xoş qarşılanmayan tendensiya var. Bir komanda ardıcıl, 3-4 dəfə məğlubiyyətlə üzəşərsə, dərhal məşqçinin istefa verib-verməməsi müzakirə olunur. Bir çox hallarda isə müzakirələrin nəticəsi olaraq baş məşqçi postundan istefa verir, yaxud yola salınır və komanda başqasına tapşırılır. İstər mövsümün ortası, əvvəli və ya sonu olsun fərq etməz. Hətta bəzən bir mövsüm ərzində komandanın baş məşqçisi 3-4 dəfə dəyişdirilir.
 
Düzdür, Azərbaycanda da zaman-zaman belə hallara rast gəlmişik. Amma Türkiyə futbolunda daha çox və tez-tez şahidlik edirik. Bizim ölkədə ən pis nəticə göstərən məşqçi belə çox vaxt heç olmasa bir il komandanın "sükanı arxasında” qala bilir. Əslində, Türkiyədə müxtəlif klubların strategiyalarına baxanda bunu özümüz üçün müsbət hal kimi qiymətləndirməyimiz mümkündür. Düzdür, Türkiyə və Azərbaycan çempionatları, futbolu səviyyə baxımından ümumiyyətlə, müqayisəyəgəlməzdir. Orada çalışmaq elə də asan deyil, çox böyük təcrübə, bacarıq tələb edir. Üstəlik məşqçilərin də sayı qat-qat artıqdır. Amma baş məşqçini iki aydan bir dəyişmək heç də yaxşı hal kimi qiymətləndirilməməlidir. Əvvəla, bir məşqçinin uğur qazanması üçün həmişə zamana ehtiyacı olur. Bu, dünya praktikasında da belədir. Məşqçini gətirib qarşıya qısa müddətdə uğur qazanmaq hədəfi qoymaq yanlış addımdır. Ələləxsus da futbolçu və məşqçi qıtlığının yaşandığı Azərbaycanda. Yəni, "Real”, "Barselona”, "Mançester Siti”, "Bavariya” PSJ və sair kimi klublarda bu, normal qarşılana bilər. Çünki qısa müddətdə nəticə qazanmaq üçün əlinin altında ən azı sadaladığımız klublardakı kimi ulduz, təcrübəli futbolçular olmalıdır. Belədə təcrübəli məşqçi gəlib yalnız kiçik toxunuşlarla, öz əlavələri ilə komandanın şəklini müəyyənləşdirir və nəticə uğrunda mübarizə aparır.

Bunları niyə yazdım? Mövsümə uğursuz başlayan, keçirdiyi dörd oyunun hamısında məğlub olduğu üçün "Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin istefası gündəmə gətirilib. Yəni, bir balaca büdrəyən kimi, onun komandanı formalaşdırması yolunda çəkdiyi əziyyətlər unuduldu. Düzdür, "Qəbələ” hələ məşqçinin istədiyi səviyyəyə gəlib çıxmayıb. Amma nəzərə alaq ki, bir neçə il əvvəl bölgə təmsilçisi avrokuboklara vəsiqə verən yerlərin heç yaxınlığında hərlənə bilmirdi. Söhbət klubda baş verən dəyişikliklərdən, büdcənin məhdudlaşırılmasından sonra yaranmış çox çətin vəziyyətdən gedir. Baxşıyev də məhz həmin vaxt, komandanın aşağı pillələrində var-gəl edən zamanlarında məsuliyyəti öz üzərinə götürməklə, uzun yola çıxdı. Rəhbərliyin etimadını doğruldaraq, yavaş-yavaş "Qəbələ”nin inkişafına çalışdı, ötən mövsüm Konfrans Liqasında iştirak hüququ, Azərbaycan Kubokunda qalib adını qazandı. Ümumiyyətlə, son iki ildir ki, kollektiv Baxşıyevin rəhbərliyi altında pis çıxış etmir. İndi bir qədər uğursuzluq olub deyə Baxşıyevi göndərmək…

Açığı, rəhbərliyin belə "ucuz” addım atacağına inamım azdır. Hə-ə, məşqçi özü getmək istəyərsə, o başqa. Dörd oyun ardıcıl məğlubiyyət nə futbolun, nə də "Qəbələ”nin bitməsi deməkdir. Baş məşqçi məhdud büdcə ilə rəğbət qazanmağı bacarıbsa, daha yaxşı olacağına inanmaq, hətta onu ruhlandırmaq lazımdır. Elmarın şans verilməsinə haqqı çatır…

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->