Cari mövsüm Azərbaycan Kubokunu qazanan "Qəbələ” ölkəmizi Konfrans Liqasında təmsil edəcək. Premyer Liqa yeni başa çatsa da, artıq bəzi klublar növbəti mövsümün planlarını cızmağa başlayıb. Bəs "Qəbələ” nə düşünür? Büdcə artırılırmı? Hazırlıq planları necədir?
Bu suallar ətrafında komandanın baş məşqçisi Elmar Baxşıyev fikirlərini bölüşüb. Mütəxəssis Qaynarinfo-ya açıqlamasında "Qəbələ”dən gedəcəyi il bağlı xəbərlərə də münasibətini bildirdi:
"Kubokun finalından sonra komanda istirahətə çıxdı. Əcnəbilər öz ölkəsinə gedib. İndiki durumda hazırlığın nə vaxt başlamasını deyil, daha çox müqavilələri bitirməyə çalışırıq. Hazırlıq planları qarşıdakı günlərdə bilinəcək. Amma ilkin mərhələni Qəbələdə keçirib daha sonra Türkiyəyə yollanmağı düşünürük. Əslində hazırlığın günü də məlumdur, sadəcə, təsdiqlənməyib. Bu toplanışın da əvvəlkilərdən heç bir fərqi olmayacaq”.
Artıq "Qəbələ”dən gedən futbolçular da var. Məqsəd İsayev və Ramon Maçadu ilə yollar ayrılıb:
"Maçadunu göndərmək istəmirdik. Heç bir məşqçi onun kimi futbolçunu göndərmək istəməz. Təklif gəldi və komanda ilə sağollaşdı. Yeni dəvətin üzərində çalışmağa başladı. Ona xaricdən dəvət gəlmişdi. Ümumi götürəndə komabndada hamının müqaviləsi bitib. Hər kəs gedə və ya qala bilər. Ona görə də tam əminliklə nəsə demək olmur. İlk növbədə hansı futbolçularla yola davam etdiyimizi bilməliyik. Bundan sonra baş mövqeləri doldurmağa başlayacağıq. Bu, təkcə mənim istəyimlə bağlı deyil. Futbolçular göz önündədirlər, onlara "Qəbələ”dən qat-qat yaxşı təkliflər gəlir. Ona görə klub olaraq bu futbolçuları öz sıralarımızda saxlamaq bizə də çətindir. Kiminlə davam edəcəyiksə, məmnun olacağıq. Alınmasa, başqa futbolçuların üzərində dayanacağıq. Gedənlərin yerini nə qədər doldura biləcəyimizi zaman göstərəcək. Biz də istəmərik ki, kimsə komandanı tərk etsin. Məcburiyyətdən olacaqsa, qarşısını heç kəs ala bilməz. Hələ ki, komandada olan futbolçularla danışıqlar gedir. Yenilik yoxdur”.
Məşqçi "Qəbələ”nin cari mövsümünü dəyərləndirərkən, daha yüksək pillələri tutmaq şansları olduğunu da dedi:
"Əlbəttə, heyətimiz geniş olsaydı, daha yuxarı pillələrdə qərarlaşmağımıza imkan verirdi. Amma hər şeyi nəzərə almalıyıq. Bizdən dayanıqlı klublar var ki, onlarla mübarizə aparmaq çətin idi. Düşünürəm ki, layiq olduğumuz yeri tutduq. Bir də müasir futbolda hər şey maliyyəyə bağlıdır. Maliyyə önəmlidir. Bu mənada, məsələn, kim "Qarabağ”la mübarizə aparacığımızı desə, bir qədər real olmaz. Amma bu il komanda əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Üzərimizdə təzyiq olması normaldır. Amma sona yaxın mübarizə apardığımız "Zirə”nin üzərində təzyiq daha çox idi, nəinki bizim. Çünki biz iki cəbhədə şanslarımız qalırdı. Bu baxımdan normal qarşılayırdıq. Düşünürəm ki, yaxşı mübarizə aparıb istəyimizə çatdıq”.
Maraqlıdır, klub rəhbərliyi büdcə ilə bağlı baş məşqçi ilə mübarizə aparıbmı:
"Xeyr, müzakirə aparmamışıq. Yəqin ki, yaxın günlərdə bu barədə görüşümüz olacaq. Təklifim komandanın qorunmasıdır. Təbii ki, büdcə artmalıdır ki, komanda qorunsun”.
Keçmiş futbolçu "Qəbələ”dəki postundan gedib-getməyəcəyi haqda xəbərlərə də münasibət bildirdi:
"Bu barədə çox şərh vermişəm. İndiki gündə "Qəbələ”dəyəm, qarşıdakı günlərdə nə olacaqsa, zaman göstərəcək. Hazırda komandanı formalaşdırmaq üzərində çalışırıq. Birinci il deyil ki, buradayam. Heç vaxt təklif edilməyib. Hər şey qarşılıqlı olub. Bu baxımdan sıxıntı yoxdur. İlkin olaraq qarşımıza komandanı formalaşdırmaq məqsədi qoyulub. Daha sonra digər məsələlərə baxacağıq”.
Səbuhi Həsənov
Şərhlər