Xəbər lenti

Elmar Baxşıyev: “Hakim həmin epizodu penalti kimi dəyərləndirsəydi…”
İdman 09:33 01.09.2022

Elmar Baxşıyev: “Hakim həmin epizodu penalti kimi dəyərləndirsəydi…”

Konfrans Liqasında "Qəbələ” uğurlu nəticə göstərə bilməsə də, Premyer Liqaya pis başlamadı. Son 4 turda 3 qələbəyə imza atan bölgə təmsilçisi 9 xalla üçüncü pillədə qərarlaşıb. Komandanın baş məşqçisi Elmar Baxşıyevin hazırlıqlarla bağlı fikirlərini öyrəndik. 

Mütəxəssis Qaynarinfo-ya müsahibəsində sonuncu oyundan sonra, bu gün bərpa prosesini keçdiklərini, ilk məşqlərini etdiklərini deyib.

- "Qəbələ” avrokuboklarda o qədər də uğurlu ola bilməsə də, çempionata pis başlamayıb. 4 oyun 3 qələbə, 1 məğlubiyyət. Belə düşünmək olar ki, yayda avrokuboklarda ciddi nəticə gözlənilmədiyi üçün əsas fikir Premyer Liqaya hazırlıq idi?

- O prizma ilə yanaşmıram. Komanda oyun baxımından hər iki görüşdə məzmunlu çıxış etdi. Sadəcə, mərhələni keçə bilmədik. Buna baxmayaraq, layiqli çıxış etdik. Yaydakı hazırlığımız təkcə Konfrans Liqası deyil, həm də ölkə çempionatı üçün idi. Ona görə də davamını gətirməyə çalışacağıq. 

- Bir məqam nəzərə çarpır ki, Konfrans Liqasındakı nəticə komandanın oyununa heç də ciddi təsir etmir. Futbolçuları neqativ düşüncələrdən tam ayıra bilmisiniz?

- Sırf bir nəticənin üzərində dayanmırıq. Lap uğur da olsa, daha irəli getməyə çalışırıq. Keçmişlə yaşayacaqsansa, gələcəkdə heç nə əldə etməyəcəksən. Ona görə uğur qazansaq belə, qarşıdakı oyuna daha da yaxşı köklənməyə, motivasiya olmağa çalışırıq.

- Artıq 4 tur geridə qalıb. Nəticələrə nəzər salsaq, komandanın heyətini tam istədiyiniz kimi formalaşdırdığınızı söyləmək mümkündür?

- Heyətimiz yaxşıdır. Sağlam kollektivimiz var. İnanıram ki, daha yaxşı nəticələr uğrunda mübarizə aparmaq gücündədir. 

- Sonuncu turda "Sabah”a məğlub oldunuz. Soyuq başla analiz edəndə nə çatmadı, bu rəqibin hansı üstünlükləri diqqət çəkir?

- Rəqibi müzakirə etməyəcəyəm. Öz komandama önəm verirəm. 4 tur ərzində ən məzmunlu oyunumuzu "Sabah”a qarşı keçirdik. İlk hissədə istədiyim futbolu meydançada görə bilirdim. Sadəcə, bu tip oyunlarda xırda nüanslar görüşün taleyini həll edir. Müdafiədə komanda olaraq boşluq verdik, rəqib dəyərləndirdi. Nəticəyə təsiri olan bəzi epizodlar vardı. Hansı ki, oyunun axarını dəyişə bilərdi. 

- "Sabah”la oyunda bir sıra mübahisəli məqamlar vardı. 15-ci dəqiqədə gözlənilən penalti epizodu, gərginliklər… Bütün bunlara təkrar baxdınız yəqin ki? Həqiqətən "Qəbələ”yə haqsızlıq edilib?

- İstəməzdim sırf bizə haqsızlıq edildiyi düşüncəsi ilə yaşayım. Amma yenə də bir qədər narazılıqlar oldu. Nəyə görə baş hakim VAR-a müraciət etmədi? Halbuki təkrara baxanda aşkar şəkildə rəqibin əllə oynadığını görmək olardı.

- Oyundan sonra hakimlərə fikirilərinizi çatdırdınız? Yoxsa artıq qərarın dəyişilməyəcəyini düşünüb vaz keçdiniz?

- Bundan sonra da belə hallar olsa, hakimlərə mən və ya komanda tərəfindən heç nə deyilməyəcək. Ancaq haqqımızı tələb edəcəyik. Bu tip matçlarda nüanslar hər şeyi həll edir. Hakim həmin epizodu penalti kimi dəyərləndirsəydi, oyunun necə bitəcəyini bilmək olmazdı.

- Son turlarda hakimlərin idarəçiliyindən xeyli narazılıqlar eşidirik. VAR-la əlaqədar qərarların gec verilməsi, oyunun uzanması və sair. Ümumiyyətlə, geridə qalan 4 turda hakimlərin idarəçiliyi haqda nə düşünürsüz?

- Səmimi deyirəm, sırf hər şey unudub hakimlik haqda danışmaq, futbolun inkişafına mane olar. Bizim üzərimizə nə düşür? Daha çox komandanı düşünmək. Belə səhvlər olacaq, heç kəs sığortalanmayıb. Amma yenə deyirəm, daha diqqətli və məsuliyyətli olmalıdırlar. Komandanın haqqını yemək olmaz. Futbol bu məqamları ilə də gözəldir, hər qərara hörməttlə yanaşmalısan. 

- "Qəbələ” bu mövsüm nələrə iddialıdır?

- Mövsümlə bağlı niyyətimiz yoxdur. Sadəcə, çalışırıq ki, hər oyuna maksimum nəticə ilə köklənək. Gələcəkdə qismətdə nə varsa, o olacaq. Hər şey istədiyimiz kimi olmasa, deməli, daha çox çalışmalıyıq. İddiamızdan əl çəkməyəcəyik. Sağlam kollektivimiz var və iddialı olmağa qadirdirlər. 

- Yay fasiləsində bir neçə əcnəbi futbolçu tarnsfer etdiniz. Onların hazırlığı haqda hansı fikirdəsiniz?

- Ramon Maçadonu, Ferası, Səlahət Ağayevi, İlkin Qırtımovu bir də Felipe Santosu heyətimizə qatmışıq. Beşinin də futbola peşəkarlıq baxımından yanaşmaları çox doğrudur. Ona görə də həm fiziki, həm də digər xüsusiyyətlər baxımından komandaya uyğunlaşa bildilər. 

- Andrey Strijakla bağlı nə düşünürsünüz?

- Gənc futbolçudur, sonradan bizə qoşulub. İnanıram ki, fayda verəcək. Oyununu izləmişdim, Türkiyə toplanışında bizə qatıldı. Futbol savadı var. Bir neçə mövqedə oynaya biləcək futbolçudur. Uzun müddət futbolsuz qalmışdı deyə, kondisiyasını bərpa etmək üçün müəyyən vaxta ehtiyacı var idi. 23 yaşı var, potensiallıdır, inkişaf edə bilər. 

- 10 komandalı Premyer Liqa indiki halda necə görünür? Mənfi və ya müsbət cəhətləri nədir?

- Üstün cəhəti odur ki, oyunların sayı artıq olacaq. Çempionat ağırdır. İddiasız komanda anlayışı yoxdur. Hər bir oyun üçün vuruşmalısan, mübarizə aparmalısan. Belədə daha yaxşı nəticə əldə edə bilərsən. 

- Bu mövsüm Premyer Liqada sizi təəccübləndirən nəsə var?

- Azarkeşlərin arenalara daha çox axını var. Bu, çempionatı maraqlı edəcək. 

- Bəs klublarla bağlı nə fikirləşirsiniz? "Sabah”ı Premyer Liqanın sürpriz komandası hesab etmək olar?

- Hər klub sürprizdir. Mən öz komandama nəzarət edirəm. Hər komandaya qarşı oynamaq çətindir. Çempionatda rahat oyun yoxdur.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->