Yer kürəsinin qütbləri, Günəş ətrafındakı orbit müstəvisi ilə tam üst-üstə düşmür. Yer oxunun 23,5 dərəcə meyilli olması, ilin müəyyən dövrlərində bəzi bölgələrin Günəşə daha çox yönəlməsi və daha çox istilik alması, digər bölgələrin isə əksinə, az istilik alması ilə nəticələnir. Bu fərq, ekvatora yaxın bölgələrlə müqayisədə mülayim və qütb iqliminə malik ərazilərdə daha aydın hiss olunur.
Qaynarinfo xəbər verir ki, yeni araşdırma bu astronomik sistemin dəyişmədiyini vurğulayır. Yer kürəsi hələ də eyni bucaqla əyilmiş vəziyyətdədir və il ərzində müəyyən temperatur dəyişiklikləri davam edəcək. Lakin alimlər hesab edirlər ki, insan fəaliyyətlərindən qaynaqlanan iqlim pozuntusu Yer kürəsinin illik ritmlərini əhəmiyyətli dərəcədə dəyişib və fəsillərin mədəni anlamı, gündəlik təcrübələrdəki ənənəvi təyinatları getdikcə mənasını itirir.
Bu yeni ortaya çıxan dəyişiklikləri anlamaq üçün alimlər baxış bucağında "konseptual dəyişiklik" təklif edirlər.
Yeni fəsil tipləri hansılardır?
"Progress in Environmental Geography" jurnalında dərc olunan tədqiqata əsasən, elm adamları son dövrlərdə aşağıdakı dörd yeni fəsil anlayışını irəli sürürlər:
1. Yeni yaranmış fəsillər - Daha əvvəl həmin bölgədə mövcud olmayan, tamamilə yeni iqlim naxışlarının formalaşdığı fəsillər;
2. Yox olmuş fəsillər - Əvvəllər müşahidə olunan, lakin faktiki olaraq yoxa çıxmış və ya tanınmaz dərəcədə dəyişmiş ənənəvi fəsillər;
3. Aridmik fəsillər -Fəsillərin gözlənilən vaxtı və müddətindəki pozuntular;
4. Sinkoplu fəsillər - Fəsillərin intensivliyi və xarakterindəki nizamsız dalğalanmalar.
Yeni fəsil anlayışına öyrəşmək vaxtıdır
Bu anlayışlar sizə artıq tanış gələ bilər. Tədqiqatda digər elmi işlərə istinad olunaraq bildirilir ki, yay fəsilləri daha isti və daha uzun müddətli olmağa başlayıb. Qışlar isə qısalıb və daha mülayim keçməyə meyllidir. Bahar fəsli əvvəlki dövrlərə nisbətən daha erkən başlayır. Atlantik və Sakit okeanlarda "qasırğa fəsli" daha uzun çəkir, Kaliforniyada isə "meşə yanğınları fəsli" demək olar ki, bütün ili əhatə edir.
Bu dəyişikliklər iqlim dəyişikliyinin artıq yalnız temperatur deyil, bütövlükdə fəsillərin quruluşu və ritmini də kökündən dəyişdirdiyini göstərir.
Aydın
Şərhlər