İtaliyanın Latsio bölgəsində yerləşən Viterbo şəhərində keçirilən Santa Rosa festivalı ərəfəsində iki Türkiyə vətəndaşı - Barış Kaya və Abdullah Atik "tədbirə silahlı hücum hazırlığı” şübhəsi ilə saxlanılıb.
Qayanrifno xəbər verir ki, onların "Daltonlar” adlı cinayətkar dəstə ilə əlaqəsi ola biləcəyi barədə iddialar İtaliya ictimaiyyətində böyük səs-küy yaradıb.
Keçən həftə polis tərəfindən aparılan əməliyyat zamanı şübhəlilər oteldə 9 mm-lik "Browning” tapançası və "Tokarev” markalı avtomat silahla yaxalanıb. Rəsmilər ilkin mərhələdə bunun dini xarakterli yürüşə yönəlmiş hücum olmadığını açıqlayıb.
İtaliya mətbuatının məlumatına görə, saxlanılan şəxslərin terrorla birbaşa bağlılığı təsdiqlənməsə də, onların cinayətkar fəaliyyət və silah qaçaqmalçılığı ilə əlaqəsi ehtimal edilir. Polis rəsmiləri açıqlayıb ki, saxlanılan şəxslərin 22 yaşlı Barış Kaya və 40 yaşlı Abdullah Atik olduğu müəyyənləşib.
"Il Post” qəzetinin yazdığına əsasən, onlar 2024-cü ilin mayında Viterboda həbs edilən və hazırda beynəlxalq axtarışda olan Barış Boyunun rəhbərlik etdiyi "Daltonlar” dəstəsi ilə əlaqəli ola bilərlər. İttihamlara görə, Kaya və Atik həmçinin bölgədə fəaliyyət göstərən başqa bir dəstənin lideri - İsmail Atizlə də əlaqə qurmağa çalışıb. Prokurorlar onların məqsədinin "Daltonlar" və "Casperlar" arasında davam edən qan davası çərçivəsində Atizi aradan qaldırmaq ola biləcəyini iddia edir.
Xatırladaq ki, bu ilin yanvarında "Casperlər"in üzvü Ahmet Cangi qətlə yetirilmiş, avqustun 2-də isə İspaniyanın Marbella şəhərində "Daltonlar"ın üzvü Caner Koçer küçənin ortasında öldürülmüşdü. Bu hadisələr iki dəstə arasında qarşıdurmanı daha da alovlandırmışdı. Digər bir iddiaya görə isə Kaya və Atik, Atizini həbsdən qaçırmaq üçün Viterboya yollanıb.
Baş nazir Corcia Meloni əməliyyatdan sonra açıqlama verərək, polisin çevik müdaxiləsini yüksək qiymətləndirib və bu addımın UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş Santa Rosa festivalının təhlükəsiz keçirilməsinə imkan yaratdığını bildirib.
Son illər İtaliya və digər Avropa ölkələrində keçirilən əməliyyatlarda "Daltonlar” dəstəsinin bir çox üzvü, o cümlədən Sinan Memi və Atakan Avcı Türkiyəyə gətirilib. İyul ayında dəstə ilə əlaqəli daha bir şəxsin Gürcüstanda yaxalandığı açıqlanıb.
Aydın
Şərhlər