Çin peyk və yer arasında lazer rabitəsi sahəsində əhəmiyyətli bir nailiyyət əldə edərək məlumat ötürmə sürətini 100 qiqabit/saniyəyə çatdırıb.
Qaynarinfo "Interesting Engineering" jurnalına istinadən xəbər verir ki, bu, əvvəlki rekord göstəricidən on dəfə yüksəkdir.
Nailiyyəti "Jilin-1" peyk şəbəkəsinin arxasında duran "Chang Guang Satellite Technology" şirkəti əldə edib. "Jilin-1" yerin uzaqdan müşahidəsi üçün dünyada ən böyük kommersiya peyk şəbəkəsi hesab olunur.
Məlumata görə, məlumatlar mobil yerüstü stansiya (yük maşını bazasında) ilə Yerin orbitində yerləşən 117 peykdən biri arasında ötürülüb. Bu, "Chang Guang Satellite Technology" şirkətinə "Starlink" üzərində böyük üstünlük qazandırır.
Şirkətin lazer rabitə texnologiyası şöbəsinin rəhbəri Van Xanxan "South China Morning Post"a müsahibəsində bildirib:
"İlon Maskın "Starlink" şəbəkəsi peyklərarası lazer rabitə sistemini nümayiş etdirsə də, peyklə yer arasında lazer rabitəsini hələ tətbiq etməyib. Onların bu texnologiyaya malik olduğunu düşünürük, lakin biz artıq genişmiqyaslı tətbiqlərə başlamışıq".
Van əlavə edib ki, şirkət gələcəkdə "Jilin-1" şəbəkəsindəki bütün peyklərə lazer rabitə modulları quraşdırmağı və şəbəkəni 2027-ci ilə qədər 300 peykdən ibarət bir sistemə çevirməyi planlaşdırır.
Süni peyk rabitəsi sahəsində yeni inkişaflar
Avropa İttifaqı "Starlink"ə alternativ yaratmaq üçün 10,6 milyard avro sərmayə yatıraraq qlobal şifrələnmiş internet rabitəsi təmin edəcək peyk sisteminin qurulmasını planlaşdırır. Bu çoxorbital şəbəkə, 300 peykdən ibarət olmaqla, 2030-cu ilə qədər tam fəaliyyətə başlayacaq.
Eyni zamanda, "Qatar Airways" tarixdə ilk dəfə olaraq sərnişin təyyarəsində "Starlink" peyk internetini işə salıb və 2025-ci ilə qədər bütün "Boeing 777" və "Airbus A350" təyyarələrinə bu texnologiyanı quraşdırmağı planlaşdırır.
Aydın
Şərhlər