Çexiya Rusiyadan "Drujba" boru kəməri ilə xam neft idxalından imtina etməyə və bu idxalı xüsusi olaraq bu məqsəd üçün modernləşdirilmiş Transalp Boru Kəməri (TAL) vasitəsilə həyata keçirməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin baş naziri Petr Fiala bildirib. "Bu, Çexiya Respublikası üçün həlledici andır, çünki Rusiya artıq bizi [enerji daşıyıcılarının tədarükü ilə] şantaj edə bilməyəcək”, – deyə Fiala
vurğulayıb.
TAL neft kəməri İtaliyanın şimal-şərqində yerləşən Triyest liman şəhərini Almaniya ilə birləşdirir. Buraya tankerlərlə neft gətirilir və həmin neft Almaniya üzərindən Mero Boru Kəməri vasitəsilə Çexiyaya çatdırılır. Modernləşdirildikdən sonra TAL-ın Çexiya üçün ötürmə qabiliyyəti ildə 8 milyon tona qədər artırılıb. Sertifikatlaşdırma hələ tamamlanmasa da, Fiala bildirib ki, "Drujba" ilə tədarükdə hər hansı fasilə yaranacağı halda, ölkə artıq bu boru kəməri vasitəsilə tədarükə arxalana bilər.
Dekabrın əvvəlində Çexiyaya "Drujba" ilə neft tədarükü müvəqqəti olaraq dayandırılmışdı. O zaman "Transneft" bəyan etmişdi ki, boru kəməri Rusiyada normal rejimdə işləyir. Tədarük iki gün sonra, dekabrın 6-da bərpa olunmuşdu. "Drujba" boru kəməri Rusiyanın Almetyevsk şəhərindən Belarusun Mozır şəhərinə qədər uzanır və oradan iki istiqamətə bölünür. Cənub qolu Ukrayna, Macarıstan, Slovakiya, Çexiya və Xorvatiyaya, şimal qolu isə Belarus, Polşa və Almaniyaya neft tədarük edir. Avropa İttifaqının sanksiyaları səbəbindən şimal qolundan Rusiyadan Avropaya neft nəql olunmur; bu hissə ilə yalnız Qazaxıstan nefti çatdırılır.
2023-cü ilin yazında Fiala bildirmişdi ki, Çexiyanın "Mero" neft şirkəti və İtaliyanın TAL konserni "Drujba" ilə tədarükü əvəz etmək üçün Transalp Boru Kəmərinin ötürmə qabiliyyətinin artırılması barədə razılaşma əldə ediblər. Boru kəmərinin modernləşdirilməsinin dəyəri 1,2–1,6 milyard kron (təxminən 51–68 milyon dollar) qiymətləndirilirdi.
2023-cü ilin iyununda Avropa İttifaqı Rusiyadan neft və neft məhsullarının tədarükünə embarqo tətbiq edib. Lakin bu, "Drujba"nın cənub qolu vasitəsilə tədarük olunan yanacağa şamil edilməyib. Aİ-də qəbul edilən qadağanın bu müvəqqəti istisnası 2025-ci ilin iyununa qədər qüvvədədir. Bu müddət ərzində Rusiyadan neft idxal edən ölkələr həmin xammalın alternativ çatdırılma yollarını təmin etməlidirlər.
Alpər
Şərhlər