Xəbər lenti

Cəlil Nəzərov azadlığını qorusa da,
Ölkə 10:33 01.07.2024

Cəlil Nəzərov azadlığını qorusa da, "Qamo"nu itirdi

Masallı Rayon Mərkəzi Xəstəxanasının korrupsiyada ittiham olunan sabiq baş həkimi Cəlil Nəzərov və köməkçisi Təranə Əliyevanın məhkəməsi yekunlaşıb. Bir neçə gün əvvəl elan edilmiş hökmə əsasən, hər iki müttəhimə şərti cəza verilib. 

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlil Nəzərovun Masallı rayonunun Miyankü kəndində yerləşən "Qamo” İstirahət Mərkəzi dövlət nəfinə müsadirə edilib.

Cənub zonasının məşhur istirahət mərkəzinin bazar dəyəri 1 milyon manatdan çoxdur. 68 yaşlı həkim "Qamo”nu oğlu Xaliq Nəzərovun adına rəsmiləşdirib. Mediada yayılan məlumatlarda yazılır ki, Masallının və ətraf rayonların vəzifəli şəxsləri vaxtaşırı istirahət mərkəzinin qonağı olurmuş.



Məlumat üçün deyək ki, prokuror Cəlil Nəzərova 12 il 6 ay həbs cəzası tələb etmişdi. Hakimlər keçmiş baş həkimin ağır xəstə olduğunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı cəza verməyib. 

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ardıcıl iki dəfə Masallı rayon mərkəzi xəstəxanasında əməliyyat keçirib. Birinci əməliyyatdan sonra baş həkim Cəlil Nəzərov və Təranə Əliyevə cinayət məsuliyyətinə cəlb edilib. Onlar vəzifə saxtakarlığı etməklə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham ediliblər.

İkinci əməliyyat zamanı isə sözügedən xəstəxanada daha sonrakı baş həkim Eşqin Əliyev korrupsiyada ittiham edilib, ona bir neçə ay əvvəl 8 il 6 həbs cəzası verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->