Ukrayna hakimiyyəti bu həftə Kiyevə səfər edəcək Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmilərinin ölkəni valyuta devalvasiyasını sürətləndirməyə, faiz dərəcələrini aşağı salmağa, vergi yığımı səylərini gücləndirməyə və vergiləri artırmağa sövq edəcəklərini gözləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" adı açıqlanmayan Ukrayna rəsmilərinə istinadən yazıb.
Nəşr qeyd edir ki, bu, Ukraynanın 15,6 milyard dollarlıq yardım proqramının növbəti 1,1 milyard dollarlıq tranşını alması üçün şərt olacaq.
BVF hesab edir ki, bütün bu tədbirlər ölkənin 2025-ci ildə 15 milyard ABŞ dolları həcmində proqnozlaşdırılan büdcə kəsirinin örtülməsinə kömək edəcək. Əgər fondun işçiləri Ukraynanın proqram hədəflərinə çatdığını və maliyyə ehtiyaclarını ödəmək üçün kifayət qədər vəsaitə malik olduğunu düşünsələr, o zaman onlar bu planı təsdiq edə bilərlər.
Bununla belə, agentliyin yazdığı kimi, Ukrayna Milli Bankı valyutanın devalvasiyasını dəstəkləmir. 2023-cü ilin oktyabrında sabit məzənnənin ləğvindən sonra qrivna dollara nisbətdə dəyərinin 10%-ni itirib. "Qrivna daha da ucuzlaşarsa, bu, Mərkəzi Bankın qiymət sabitliyini qorumaq qabiliyyətini şübhə altına alacaq", deyə "Bloomberg"in həmsöhbətləri izah edib.
Bu həftə keçiriləcək iclasdan əvvəl müzakirələrdə BVF rəsmiləri hökumətin bir sıra vergiləri artırmaq planını çox yumşaq adlandırıblar. Mümkün variantlardan biri əlavə dəyər vergisinin hazırkı 20%-dən artırılmasıdır. Bununla belə, hakimiyyət vergilərin artırılmasının ölkəyə siyasi ziyan vuracağından qorxur.
BVF, eləcə də Mərkəzi Bank və Ukrayna Maliyyə Nazirliyi şərh verməkdən imtina edib.
Aydın
Şərhlər